CƏMİYYƏT
Bakıda avtomobillərin səsboğucu sistemlərini oğurlayan şəxs saxlanılıb VİDEO
Bakı, 19 sentyabr, AZƏRTAC
Paytaxtın Nizami rayon sakininin idarə etdiyi “Toyota Prado” markalı avtomobilin dəyəri 2 min manat olan səsboğucu sistemi (katalizator) naməlum şəxs tərəfindən oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən şəxs bu barədə ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə məlumat verib.
Şöbə əməkdaşları tərəfindən dərhal hadisə nəzarətə götürülüb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, nəqliyyat vasitəsinin səsboğucu sistemi Binəqədi rayon sakini, əvvəllər məhkum olunmuş Talıb Ağalarov tərəfindən oğurlanıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan həmin şəxs ifadəsində törətdiyi hadisəni etiraf edib və oğurladığı səsboğucu sistemi Sumqayıt şəhərində 300 manata satdığını bildirib. Araşdırma zamanı Talıb Ağalarovun icarəyə götürdüyü daha bir “Toyota Prado” markalı avtomobilinin də eyni üsulla səsboğucu sistemini oğurladığı məlum olub.
Qeyd edək ki, saxlanılan şəxsin paytaxt ərazisində, eləcə də digər şəhər və rayonlarda da başqa nəqliyyat vasitələrinin səsboğucu sistemlərini oğurladığı istisna olunmur. Onun idarə etdiyi nəqliyyat vasitəsində səsboğucu sistemləri kəsib götürmək üçün istifadə etdiyi xüsusi alətlərin aşkarlanması bu fikri irəli sürməyə əsas verir. Bu səbəbdən Talıb Ağalarovla bağlı əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün onun barəsində 24-cü polis şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Bu istiqamətdə təhqiqat davam etdirilir.