CƏMİYYƏT
Bakıda ayrı-ayrı şəxslərə qarşı quldurluq edən şəxslər saxlanılıb VİDEO
Bakı, 10 oktyabr, AZƏRTAC
Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon sakini Vüsal Abıyev 25-ci polis şöbəsinə müraciət edərək Şərifli küçəsi 96 ünvanında tanımadığı iki şəxsin ona hücum edərək xəsarət yetirdiklərini, daha sonra mobil telefonunu və noutbukunu əlindən aldıqlarını bildirib.
Bu hadisədən üç gün sonra eyni məzmunlu şikayətlə polis şöbəsinə bir qadın da müraciət edərək içərisində pulu və sənədləri olan əl çantasının naməlum şəxslər tərəfindən zorla əlindən alındığını bildirib. Hər iki quldurluq hadisəsi ilə bağlı 25-ci polis şöbəsində dərhal araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətlərin eyni şəxslər tərəfindən törədildiyi müəyyənləşib.
Quldurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ceyhun Rufullayev və Azər Qurbanov qısa zamanda tutularaq istintaqa təqdim ediliblər. Saxlanılan şəxslər quldurluq hadisələri zamanı zərərçəkənlərə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Faktlarla bağlı 25-ci polis şöbəsində toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Həmin şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nizami Rayon Polis İdarəsinə və ya 25-ci polis şöbəsinə müraciət edə bilərlər.