CƏMİYYƏT


Bakıda azyaşlını elektrik cərəyanının vurması ilə bağlı cinayət işinin istintaqı başa çatdırılıb

Bakı, 9 sentyabr, AZƏRTAC

Paytaxtın Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən yataqxanada yaşayan 2013-cü il təvəllüdlü Amin Əliyevin 2019-cu il martın 22-də yaşadığı binanın girişində quraşdırılmış elektrik naqillərinə toxunması nəticəsində yanıq xəsarətləri alması faktı üzrə Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Yasamal Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Yasamal rayonu 138 nömrəli mənzil kommunal-istismar sahəsinin mühəndisi Ağalar İbrahimovun həmin müəssisənin balansında olan Yasamal rayonu Z.Xəlilov küçəsi 14 ünvanında yerləşən yataqxananın 1-ci girişində alçaq gərginlikli elektrik naqillərinin birləşdiyi yardımçı otağın açıq vəziyyətdə olmasını müəyyənləşdirərək həmin yerin qapı və ya digər hər hansı vasitə ilə bağlanmasını və bununla da təhlükəsiz istismarını təmin etməli olduğu halda bunu etməyərək, işə vicdansız və laqeyd münasibət göstərərək xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində Amin Əliyevin ehtiyatsızlıqdan həmin naqillərə toxunaraq yanıq xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib. O, Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.