CƏMİYYƏT


Bakıda bal yarmarkası – satışa laboratoriyada yoxlanılan ən keyfiyyətli məhsullar çıxarılıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 20-dən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (metronun “Gənclik” stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 21-ci Respublika sərgi-satış yarmarkası fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov AZƏRTAC-a açıqlamasında bildirib ki, ardıcıl olaraq hər il təşkil edilən yarmarka ötən il pandemiya ilə əlaqədar kütləvi tədbirlərin təxirə salınması səbəbindən keçirilmədi. Bu isə arıçılara öz məhsullarını satmaqda müəyyən çətinliklər yaratdı. Çünki yarmarka arıçıların bir qismi üçün əsas satış platformalarından biridir. Nəticə etibarilə mövcud vəziyyət dəyərləndirilərək bu il yarmarkanın keçirilməsi qərarı verildi.

Yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsilə 25 sentyabr saat 00:00-dan 29 sentyabr saat 23:59-dək həyata keçirilib. Dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası səbəbindən builki yarmarkada hər bir iqtisadi rayondan maksimum 40 olmaqla, ümumilikdə, 250 arıçı iştirak edir. Yarmarka iştirakçıları növbəlilik əsasında müəyyən olunub. Belə ki, onlayn qaydada ilk qeydiyyatdan keçmiş arıçıların iştirakları təsdiqlənib. Yarmarkada iştirak üçün hər bir arıçıya Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 25 arı ailəsinə malik olması tələbi qoyulub. Bal yarmarkasında yalnız COVID-19 pasportuna və ya immun sertifikatına malik arıçılar iştirak edirlər.

Bu barədə danışan Vüqar Hüseynov deyib: “İştirakçıların sayını müəyyənləşdirən zaman qərara gəldik ki, bütün iqtisadi rayonları əhatə edək. Hər rayondan onlayn olaraq qeydiyyatdan keçmiş ilk 20 arıçıya yarmarkada iştirak hüququ verildi və onlara öz məhsullarını təqdim etmək üçün şərait yaradıldı. Məhsullar 10 gün əvvəl gətirilərək xüsusi anbarlara yığılıb və keyfiyyətin müəyyənləşdirilməsi məqsədilə laboratoriyada analiz götürülüb. Yarmarkaya ən keyfiyyətli məhsullar çıxarılıb. Ümumilikdə, yarmarkaya 18 gün ərzində 120 ton məhsulun çıxarılması nəzərdə tutulub”.

Nazirlik rəsmisi yarmarkada iştirak edə bilməyən arıçıların narazılığına da toxunub: “Ölkədə 21 mindən çox arıçı var. Bu, təkcə dövlətdən subsidiya alan arıçıların siyahısıdır, hansı ki, onlar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçiblər. O qədər arıçının bir yarmarkada iştirakı təbii ki, mümkün deyil. İndiyə qədər ən çox arıçı 2019-cu ildə keçirilmiş yarmarkada iştirak edib. Onların da sayı 370 nəfər olub. Budəfəki yarmarkada pandemiya şəraitini nəzərə alaraq həm sosial məsafəni qorumağa, həm də bütün rayonları əhatə etməyə, təşkilatçılıq işlərində nöqsana yol verməməyə çalışdıq”.

Yüzdən çox çeşiddə balın çıxarıldığı yarmarkada məhsulların qiymətlərini arıçılar özləri müəyyənləşdirirlər. “Təbii ki, qiymətlər də müxtəlifdir, alıcının seçim imkanı var. Bu da qiymətin həm arıçıya, həm də alıcıya sərf edəcək səviyyədə olmasına təsir göstərəcək. Məhsulların daşınmasına, logistika məsələlərinə də təşkilatçı olaraq dəstək vermişik. Qablaşdırma məsələsində də dəstək göstərilib”, - deyə o əlavə edib.

Builki yarmarkanın işğaldan azad olunmuş ərazilərdəki arıçılıq təsərrüfatları nümayəndələrinin öz məhsullarını alıcılara təqdim etməsi ilə fərqləndiyini deyən Vüqar Hüseynov diqqətə çatdırıb ki, azad edilmiş ərazilərdə Kənd Təsərrüfatı Nazirliyinin pilot layihəsi çərçivəsində yerləşdirilmiş, dislokasiya olunmuş arıçılıq təsərrüfatları var idi. Həmin təsərrüfatların nümayəndələri, Kəlbəcər və Laçın arıçılarının bir qismi yarmarkada iştirak edirlər: “Üç ay ərzində pilot layihə dövründə davamlı olaraq Kəlbəcər və Laçın rayonlarında monitorinq aparılıb. Həmin bölgələrin balı kifayət qədər yüksək polen göstəricisinə malikdir və bu göstəriciyə malik bal dünyada məşhurdur. Çox ciddi tələbat olduğuna görə, bir çox Kəlbəcər və Laçın arıçıları öz məhsullarını hələ yaylaqda olarkən satıblar. Məhsulunu satmayıb yarmarka üçün saxlayan və daha çox məhsul götürən arıçılar da var və bu yarmarkada iştirak edirlər”.

Qeyd edək ki, vətəndaşlar noyabrın 7-dək hər gün saat 9-dan 19-dək bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.