CƏMİYYƏT
Bakıda bank kartlarına qanunsuz müdaxilə edərək 85 min manatı öz hesabına köçürən şəxs saxlanılıb
Bakı, 3 dekabr, AZƏRTAC
İnformasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85 min manat pulun şəxsi hesablara köçürülməsi və nağdlaşdırılması barədə məlumat daxil olub.
Baş İdarənin əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat-axtarış və texniki tədbirlər nəticəsində qanunsuz əməli törətməkdə şübhəli, əvvəllər Cinayət Məcəlləsinin 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə məhkum olunan Bakı şəhər sakini Səddam Nəzərli saxlanılıb.
Baxış zamanı saxlanılan şəxsin yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Həmin texniki avadanlığın yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.