İQTİSADİYYAT


Bakıda beynəlxalq marketinq sammiti keçiriləcək

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 22-də Bakıda Beynəlxalq "Marketinq Sammiti" keçiriləcək.

"Marketinq Sammiti" layihəsinin təşkilatçısı Azərbaycanda marketinq, marketinq kommunikasiyaları, bazar araşdırmaları kimi xidmətlər təqdim edən COMUNICAL şirkətidir.

Şirkətin rəhbəri Tural Abbaslı AZƏRTAC-a bildirib ki, sammit biznesin inkişafına istiqamətlənmiş qlobal tədbir olacaq və builki sammit regionun 3 dost ölkəsini Azərbaycanda cəmləşdirəcək. Tədbir qarşıdakı illərdə Azərbaycanın biznes mühitində markalanma, brend siyasəti, marketinq kommunikasiyaları istiqamətində yerli sahibkarlarımızla sinerji effektinə nail olaraq milli iqtisadiyyatımızın inkişafına töhfə verəcək.

Tədbir zamanı Azərbaycan, Gürcüstan və Türkiyədən olan 7 spiker destinasiya marketinqi, elektron ticarət, logistika, dijital marketinq və brendinq kimi vacib mövzular haqqında fikirlərini bölüşəcəklər. Marketinq sammitinin təşkilat komitəsi tərəfindən www.marketingsummit.az internet portalı üzərində xüsusi platformaya uyğun qeydiyyat bölməsi yaradılıb. Burada qeyd olunan suala cavab verməklə tədbirdə iştirak haqqı qazanmaq mümkündür. Sammit gələcək illərdə də, Strateji Yol xəritələrinə görə fəaliyyətini davam etdirəcək.

Xəzəryanı və MDB ölkələri, Avropa və Azərbaycan, türkdilli ölkələrin marketinq sammitinin keçirilməsi cari ilin mart ayında təşkilat komitəsinin iclası əsasında təsdiq edilib və sammitin strateji fəaliyyət istiqaməti kimi qəbul olunub.

Sammit bir neçə yerli şirkətlərin və medianın dəstəyi ilə baş tutacaq. Tədbirin əsas tərəfdaşları AZPROMO, "Azərbaycan Dəmir Yolları Ekspress", "ASAN Radio", "Aloprint", "Vitam", "Education Hub", "Logix" və "G5 Travel" şirkətləridir.

Qeyd edək ki, son illərdə ölkəmizdə iqtisadiyyatın inkişafı, rəqabətqabiliyyətli sahibkarlıq subyektlərinin yaradılması istiqamətində dövlət və özəl qurumlar tərəfindən bir çox layihələr həyata keçirilib. Bu tədbirlər cəmiyyətimizin biznes təfəkkürünün formalaşması, lokal şəraitdə praktik və nəzəri biliklərin inkişafına birbaşa təkan verib.

Eyni zamanda, son illərdə qloballaşan iqtisadiyyatımızın tərkib hissəsi olaraq daha fərqli formatda və istiqamətdə biznes tədbirlərinin keçirilməsinə ehtiyac yaranıb. Çünki, rəqabətədavamlı fəaliyyətin qurulması, ixrac potensialının artırılması və xüsusilə marketinq, bazar araşdırmaları və marketinq kommunikasiyaları istiqamətində daha da güclü struktura malik olmaq əsas şərtlərdən birinə çevrilib. Bu baxımdan ölkəmizdə təşkil olunan marketinq, biznes tədbirləri sırasında öz dəsti-xətti ilə seçilən və xüsusi auditoriyası olan "Marketinq Sammiti" layihəsi xüsusi maraq doğurur. Bu layihənin keçirilməsində əsas məqsəd lokal marketinq ilə qlobal marketinqin inteqrasiyası və dövlətin Strateji Yol Xəritəsində vurğulanan marketinq, menecment, insan kapitalının inkişafı siyasətinə özəl sektorun dəstəyinin nələrdən ibarət olmasının qarşılıqlı müzakirə edilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.