MƏDƏNİYYƏT
Bakıda böyük qazax şairi Mağcan Cumabayın anadan olmasının 125 illiyi qeyd edilib VİDEO
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında böyük qazax şairi Mağcan Cumabayın anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir və “TÜRKSOY kitabxanası seriyası”ndan Ankarada çap olunmuş “Mağcan Cumabay. Türküstan” və “Mağcan Cumabay şiirleri” adlı kitabların təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi, Milli Kitabxana və TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilən tədbirdə kitabxananın direktoru Kərim Tahirov çıxış edərək Mağcan Cumabayın dünya ədəbiyyatına bəxş etdiyi bənzərsiz ədəbi əsərlərdən söz açıb.
Bildirib ki, Beynəlxalq Türk Akademiyası tərəfindən 2018–ci il qazax milli şairi, türk dünyasının böyük oğlu Mağcan Cumabayın anadan olmasının 125 illiyi şərəfinə “Mağcan İli” elan edilib. Mağcanın bənzərsiz yaradıcılığı yalnız qazax ədəbiyyatında deyil, XX əsr türk xalqları ədəbiyyatında bir təzahürdür. “Bu il Mağcanın iki kitabı çap olunub. Onlardan biri Azərbaycan dilində “Mağcan Cumabay. Türküstan” adlanır. Kitabda dahi qazax şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi M.Cumabayın seçilmiş şeirləri qazaxca orijinalları ilə birlikdə verilib. Digər kitabda isə şairin müxtəlif dillərdə əsərləri yer alıb. Hər iki kitab M.Cumabaya, qazax ədəbiyyatına, bütövlükdə türkdilli ədəbiyyata TÜRKSOY-un ucaltdığı növbəti heykəllərdən biridir”, - deyə K.Tahirov vurğulayıb.
TÜRKSOY-un gördüyü işləri yüksək qiymətləndirən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, təşkilat son dövrlər bir sıra uğurlu layihələr həyata keçirir. Bu da türk dünyasının zəngin tarixinin, mədəniyyətinin tanıdılmasında böyük rol oynayır. Natiq TÜRKSOY tərəfindən hər ilin bir türkdilli dövlətin şair, yazıçı və ya görkəmli şəxsiyyətinin adı ilə bağlı olmasını çox böyük hadisə kimi qiymətləndirib. Bu ənənəyə 2010-cu ildən başlanılıb. Əslində həmin şəxslər, onların yaradıcılığı bütün türk dünyasının sərvətidir. Bu mənada TÜRKSOY-un gördüyü iş əvəzsizdir. Azərbaycan Milli Kitabxanasında keçirilən beynəlxalq konfrans da bu silsilədəndir.
V. Əliyev M.Cumabayın kitablarının bütün türk xalqları arasında maraqla qarşılanacağını diqqətə çatdıraraq, gələcəkdə də belə layihələrə nazirliyin dəstək verəcəyini söyləyib.
TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş təşkilatın həyata keçirdiyi layihələrdən danışıb. Qeyd edib ki, bu il anadan olmasının 125 illiyini qeyd etdiyimiz M.Cumabay ilə Azərbaycan şairi Əhməd Cavadın həyatı bir-birinə bənzəyir: “Bu iki şairin əsərləri, həyatları, mübarizələri bir-birinə bənzəyir. Hər ikisi də xalqının müstəqilliyi, azadlığı üçün mübarizə aparmış, əsərlərində türk xalqının mədəniyyətini təbliğ etmişlər”.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək M.Cumabayın həyatından, zəngin yaradıcılığından söhbət açıb. Bildirib ki, türk dünyasının böyük şairi M.Cumabay qısa ömür - 45 il yaşasa da, qazax ədəbiyyatında silinməz izlər qoydu. Bayron belə sənətkarları nəzərdə tutaraq demişdi: “Şairin həyatı başa çatanda onun şöhrət yolu başlayır”.
G.Əfəndiyeva diqqətə çatdırıb ki, Mağcan Cumabayı yaradıcılığının xüsusiyyətlərinə görə Qazaxıstanın Puşkini adlandırırlar.
Şimali Qazaxıstan Vilayətinin İcra idarə rəhbəri, mağcanşünas alim Kemel Ospanov M.Cumabayın Qazaxıstan mədəniyyətinin, bütövlükdə türk dünyasının inkişafındakı rolundan danışıb. Qeyd edib ki, Mağcan hər zaman türk xalqlarını birliyə və azadlığa çağırırdı. “Mən çox şadam ki, artıq Azərbaycan gəncləri də belə böyük yazıcının yaradıcılığı ilə tanış ola biləcəklər”, – deyə alim qeyd edib.
Azərbaycan Yazıçılar İttifaqının üzvü, tərcüməçi, filologiya elmləri doktoru Ramiz Əskər və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən, şairin zəngin yaradıcılığından söhbət açıblar.
Bildirilib ki, Mağcan Cumabayın şeirlərinin ana xəttini, vətən sevgisi, tarixi yaddaşın təzələnməsi, qazaxların və digər türk xalqlarının işğala və bolşevizmə qarşı milli mücadiləsi təşkil edir.
Tədbirdə M.Cumabayın ömür yolu və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.