MƏDƏNİYYƏT
Bakıda böyük sənətkar Rəşid Behbudovun əzəmətli heykəli ucaldılıb
Bakı, 25 iyun, Zərəngiz Mansurova, AZƏRTAC
Bakıda dünya şöhrətli müğənni, Xalq Artisti Rəşid Behbudovun əzəmətli heykəli ucaldılıb. Sənətkarın adını daşıyan Dövlət Mahnı Teatrının qarşısında ucaldılan heykəlin müəllifi Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir.
Görkəmli heykəltəraş Fuad Salayev AZƏRTAC-a müsahibəsində yaratdığı sənət əsərində özünün sevgisini və dünya xalqlarının məhəbbətini əks etdirməyə çalışdığını söyləyib. Rəşid Behbudovun əzəmətli heykəlinin 3 metr, üzərində dayandığı pyedestalın 1,5 metr olduğunu söyləyən müəllif deyib ki, bütünlükdə heykəlin uzunluğu 4,5 metrdir.
Hər zaman ecazkar səsi ilə dünya səhnələrində alqışlarla qarşılanan sənətkarı elə öz fitrətində canlandırmaq istədiyini söyləyən Fuad Salayev bu ideyanı vaxtilə ulu öndər Heydər Əliyevin verdiyini söyləyib: “Dünya şöhrətli siyasətçi Heydər Əliyev biz heykəltəraşlara beş görkəmli sənətkarın heykəlini hazırlamağı tapşırmışdı. Bu sırada Xalq artistləri Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül və Rəşid Behbudovun adı vardı. Artıq Qara Qarayev, Fikrət Əmirov və Bülbülün heykəlləri ucaldılıb. Xalq Rəssamı, heykəltəraş dostum Ömər Eldarov Niyazinin, mən isə Rəşid Behbudovun heykəlini hazırlamışıq. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin iştirakı ilə hər iki heykəlin açılışı olacaq”.
Qeyd edək ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də anadan olub, 1989-cu il iyunun 9-da dünyasını dəyişib. Müğənni sağlığında SSRİ və Azərbaycan SSR-in bir sıra mükafatlarına layiq görülüb.
Xatırladaq ki, 2015-ci ildə Prezident İlham Əliyev Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, ölkəmizin hər yerində silsilə tədbirlər keçirilib.