İDMAN
Bakıda çimərlik voleybolu üzrə beynəlxalq turniri keçirilir
Sentyabrın 10-da Pirşağı qəsəbəsindəki “Həyat çimərlik və voleybol mərkəzi”ndə yarışı təsnifat mərhələnin iştirakçıları olan almaniyalı “Bieneck- Grosner”, yunanıstanlı “Manavi-Parisaki” və digər meydançada avstriyalı “Schwaiger S-Chukwuma L”, çexiyalı “Bonnerova – Hermannova” qadın cütlükləri açıblar.
Setin əvvəllərində almaniyalı cütlük ağıllı hücumları ilə rəqibindən üstün olmağı bacarıb. Yunanıstan təmsilçiləri isə hissənin əvvəllərində topu oyuna daxil edərkən bir neçə dəfə səhvə yol verib. Buna baxmayaraq ilk hissədə yunanlar qalib gəliblər: 23-21. Sonra almaniyalı “Bieneck- Grosner” cütlüyü 21-14 hesabı ilə qalib gələrək hesabı bərabərləşdirib və görüşün taleyini taybrekdə öz xeyirlərinə sona çatdıra biliblər: 15-06. Ümumi hesabda 2-1 (21-23, 21-14, 15-06) Almaniya qalib gəlib.
Digər meydançada keçirilən Avstriya və Çexiya cütlüklərinin görüşündə də 2-1 hesabı qeydə alınıb. Müdafiədə daha yaxşı oyun göstərən çexiyalı cütlük “Bonnerova – Hermannova” ilk hissədəki məğlubiyyətdən sonra ardıcıl olaraq iki hissədə qalib gələ bildi: 2-1 (20-22, 29-27, 15-10).
Günün sonuncu oyunları rusiyalı “Dabizha-Abalakina”, hollandiyalı “Braakman –Van der Vist” və ikinci meydançada finlandiyalı “Lehtonen – Lahti”, ukraynalı “Sulima – Udovenko” cütlükləri mübarizə aparıblar. Əsas meydançada keçən Hollandiya –Rusiya görüşündə hollandiyalı cütlük “Braakman –Van der Vist” rəqibinə heç bir şans vermədən 2-0 (21-15, 21-19) hesabı ilə qalib gəlib.
İkinci köməkçi meydançada Finlandiya və Ukrayna cütlükləri qarşılaşıblar. Burada da 2-0 hesab qeydə alınıb. Finlandiyalı “Lehtonen – Lahti” cütlüyü 2-0 (21-12, 21-15) hesabı ilə qalib gələrək ukraynalı cütlüyü yarışdan uzaqlaşdırıb.
Günün nəticələrinə görə yunanıstanlı, avstriyalı, rusiyalı və ukraynalı cütlüklər CEV Baku Masterslə vidalaşıblar.