CƏMİYYƏT
Bakıda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülmüşdür [YENİLƏNİB] VİDEO
Bakı, 22 fevral (AZƏRTAC). Xəbər verdiyimiz kimi, fevralın 22-də günorta saatlarında Bakının Üzeyir Hacıbəyli küçəsi, 75-89 ünvanındakı çoxmərtəbəli yaşayış binasında yanğın olmuşdur.
AZƏRTAC-ın müxbiri hadisə yerindən bildirmişdir ki, yanğının söndürülməsi üçün əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından Mühafizə Xidmətinin (FHN) texnikası və canlı qüvvəsi cəlb olunmuşdur.
Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov bildirmişdir ki, yanğın barədə məlumat saat 13:52-də daxil olmuşdur. Dərhal hadisə yerinə Nəsimi, Səbayel və Yasamal rayonlarının yanğından mühafizə hissələrinin, eləcə də Bakı qarnizonunun şəxsi heyəti və texnikası cəlb edilmişdir. Yanğın tam söndürülmüşdür.
Yanğın binanın 6-cı mərtəbəsindən 16-cı mərtəbəsinədək alkopon üzlük hissəsində baş vermişdir. Yanğının mənzillərə keçməsinin qarşısı alınmışdır. Hadisə nəticəsində xəsarət alan olmamışdır.
Yanğının səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaqdır.