CƏMİYYƏT


Bakıda daha 3 “DOST” Mərkəzinin açılması paytaxt əhalisinin 80 faizini əhatə edəcək

Bakı, 1 avqust, AZƏRTAC

Bu ilin mayında Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin ilk “DOST” Mərkəzi açılandan sonra böyük rəğbət qazanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev məlumat verib.

Nazir deyib: “İki aydan bir az artıq dövrdə 20 min vətəndaşımız bu mərkəzə müraciət edib. Hər bir müraciətçi xidmət gördükdən sonra orada elektron qaydada xidmətin səviyyəsini qiymətləndirir. Bu günə vətəndaşlarımızın tam məmnunluq səviyyəsi 93 faizi keçibdir, 4 faiz də əlavə olaraq qismən məmnun vətəndaşlarımızdır. Biz bu göstəricini daim bu şəkildə saxlamağa çalışacağıq. Bu gün artıq 126 xidmətin hər biri “DOST” Mərkəzində göstərilir”.

S.Babayev dövlət başçısının göstərişlərinə uyğun olaraq, bu ilin axırınadək növbəti Mərkəzin açılması istiqamətində ciddi iş aparıldığını, daha 3 mərkəzin açılması üçün işlərin görüldüyünü vurğulayıb. Bildirib ki, cari ilin sonuna və növbəti ilin birinci rübünə həmin 3 mərkəz də açılacaq: “Beləliklə, biz Bakının 80 faizini əhatə etmiş olacağıq. Növbəti mərhələdə daha bir Mərkəz açdıqdan sonra Bakı şəhəri tam əhatə olunacaq. Regionlarımızda da “DOST” Mərkəzlərinin açılması sahəsində iş başlayacaq”.

Nazir müşavirədə bildirib ki, bu ilin mayında Beynəlxalq Sosial Təminat Agentliyinin Bakıda keçirilən Avropa Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş 55 ölkənin sosial təminat agentliklərinin rəhbərləri də DOST mərkəzini ziyarət ediblər: “Onların da ilkin qiymətləndirməsi çox yüksək oldu. İnanırıq ki, qısa müddət ərzində bu şəbəkə genişləndirilərək ölkə ərazisini tam şəkildə əhatə edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.