CƏMİYYƏT


Bakıda dini radikalizmlə mübarizə ilə bağlı konfrans keçirilib

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı hazırda dünyanı cənginə alan dini radikalizm təhlükəsindən bəhs edib, bunun ölkəmizə də ciddi təhdid yaratdığını söyləyib. Fərqli dini dünyagörüşünə mənsub insanların sülh şəraitində birgə yaşadığı cəmiyyətlər üçün bu təhdid xüsusilə təhlükəli sayılır.

S.Salahlı vurğulayıb ki, dini radikalizm həm ayrı-ayrı fərdləri, həm cəmiyyəti, həm də dövləti narahat edir. Bu baxımdan ona qarşı mübarizənin də forması çox geniş olmalıdır. Dövlət Komitəsi dini radikalizmə qarşı mübarizə istiqamətində bir sıra müvafiq dövlət strukturları, qeyri-hökumət təşkilatları, media qurumları ilə yaxından əməkdaşlıq edir.

Dövlət Komitəsi sədrinin birinci müavini əlavə edib ki, dini radikalizmə qarşı mübarizədə əsas dayanıqlı metod dini maarifləndirmədir. Çünki radikalizm birdən yaranmır, onun formalaşması müəyyən mərhələlərdən keçir. Radikalizmə aparan yol kimi dini fanatizmi, xurafatı və cəhaləti qeyd edən komitə rəsmisi vurğulayıb ki, radikal şəxslərin tərkibi də yekcins olmur, yaş kateqoriyasına, cinsinə, maddi vəziyyətinə, təhsil səviyyəsinə görə onları təsnif etmək o qədər də asan olmur. Ona görə də dini radikalizmə qarşı mübarizə çoxşaxəli fəaliyyət tələb edir.

DQİDK sədrinin müavini Gündüz İsmayılov “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili” adlı təqdimatla çıxış edib. O bildirib ki, radikalizmlə mübarizə tədbirləri cəmiyyətin bütün nümayəndələri tərəfindən aparılmalıdır. Bu məsələ ilə bağlı təbliğat işləri orta və ali məktəblərdə təşkil edilməlidir. Gündüz İsmayılov ali və orta məktəblərdə dini biliklərin tədrisi ilə bağlı fikirlərini bildirib. “Orta məktəblərdə dini biliklərin tədrisi aktual və zəruri məsələdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mövqeyi dəyişməyib. Sentyabrdan etibarən ali təhsil ocaqlarında “Multikulturalizmə giriş” fənni tədris ediləcək. Əvvəlkindən fərqli olaraq, əsas fənn kimi tədris olunacaq. Birinci hissədə multikulturalizm, ikinci hissədə dinlər və dinlərin tarixi tədris ediləcək. Bu fənnin tədrisi yeni məsələ deyil. 2015-ci ildən tədris olunur. Sadəcə, sentyabrdan əsas fənn kimi təqdim olunacaq”, - deyə sədr müavini bildirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov dini radikalizmə qarşı mübarizədə yüksəkixtisaslı milli kadrların potensialından istifadənin önəmindən bəhs edib. Ə.Zülfüqarov dini sahədə mənəvi dəyərləri əsas götürən, dinə məhdud çərçivədə deyil, geniş prizmada yanaşmağı bacaran, fəaliyyətində dünyəvilik, tolerantlıq və multikulturalizm kimi Azərbaycan reallıqlarını nəzərə alan yüksək dini və dünyəvi savada malik ixtisaslı kadrların hazırlanmasının zəruri olduğunu vurğulayıb. Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Azərbaycan İlahiyyat İnstitutunun hazırladığı kadrların ölkəmizdə yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib. O, bu istiqamətdə teoloq hüquqşünasların, psixoloqların da yetişdirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyib.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, Təhsil Nazirliyinin nümayəndəsi Samir Həmidov və Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov dini radikalizmə qarşı mübarizədə təmsil etdikləri qurumların həyata keçirdiyi tədbirlər barədə məlumat veriblər, bu bəlaya qarşı birgə mübarizənin zəruriliyini vurğulayıblar.

Konfrans öz işini müzakirələrlə yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.