CƏMİYYƏT
Bakıda dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkilinə dair konfrans keçiriləcək
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə aprelin 30-da “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçiriləcək. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Konfransda DQİDK-nın rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Təhsil və Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Gənclər Fondunun məsul şəxsləri, eyni zamanda, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Tədbirin keçirilməsində əsas məqsəd dini radikalizm, onun mahiyyəti, radikal dini qrupların təbliğat metodları, eləcə də dini radikalizm və ekstremizmə qarşı mübarizə ilə bağlı məsələləri müzakirə etmək, sağlam elmi və dini düşüncənin formalaşması istiqamətində görülə biləcək birgə tədbirlər barədə fikir mübadiləsi aparmaqdır.