İQTİSADİYYAT
Bakıda elektrik enerjisi bazarının təşkili və fəaliyyəti mövzusunda müzakirələr aparılır
Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 21-də Azərbaycanın ev sahibliyi ilə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə yaradılmış “Karbohidrogen və neft-kimya məhsulları”, “Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi”, “Elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi” və “Tənzimləmə” üzrə İşçi qruplarının iclasları keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşlərdə karbohidrogen ehtiyatlarının kəşfiyyatı, istehsalı, daşınması, emalı, neft-kimya və neft məhsullarının istehsalı və ticarəti, təbii qazın nəqli infrastrukturunun idarə edilməsi, LNG terminallarının quraşdırılması məsələləri ətrafında məruzələr dinlənilib, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji siyasətləri və tətbiqi, bərpa olunan enerji qanunvericiliyi və investisiya modelləri, elektrik enerjisi bazarının təşkili, mərkəzləşdirilmiş bazarın fəaliyyəti, elektrik enerjisinin paylanması, tənzimləmə orqanının idarə edilməsi və digər mövzular ətrafında müzakirələr aparılıb.
İclaslarda hər iki ölkənin müvafiq dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak ediblər.