CƏMİYYƏT
Bakıda elektronik əşyalarının satıldığı mağazalardan oğurluqlar edən şəxs saxlanılıb VİDEO
Bakı, 4 dekabr, AZƏRTAC
Binəqədi rayonunda “Baku Elektronics” mağazasından dəyəri 4599 manat olan noutbuk naməlum şəxs tərəfindən oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları oğurluq edən şəxsin axtarışlarına başlayıblar. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, əvvəllər məhkum olunmuş paytaxt sakini Nicat Qasımov əməliyyat nəticəsində saxlanılıb. Polis bölməsində araşdırma aparılan zaman onun Nəsimi rayonunda da oğurluq etdiyi üçün Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu müəyyən edilib.
N.Qasımov ifadəsində ayrı-ayrı vaxtlarda paytaxtın müxtəlif rayonlarında “Baku Elektronics” və “Kontakt Home” mağazalarından ümumilikdə altı dəfə oğurluq etdiyini deyib. O, oğurladığı telefon və noutbukları satdığını bildirib. N.Qasımovun mağazalardan oğurluq etməsi həmin obyektlərin müşahidə kameraları vasitəsilə də lentə alınıb.
Saxlanılan şəxslə bağlı 5-ci polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
N.Qasımovun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.