ELM VƏ TƏHSİL


Bakıda ən yaxşı tələbələrə Moskva merinin təqaüdü təyin edilib

Bakı, 19 aprel, AZƏRTAC

Bakıda ən yaxşı tələbələrə Moskva merinin təqaüdü təyin edilib. Onlar bu təqaüdə təhsildəki uğurlara, ictimai fəallığa və rus dilində təhsilə görə layiq görülüblər.

AZƏRTAC xəbər verir ki, Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində “Moskva merinin təqaüdü” proqramının Qəyyumlar Şurasının iclası keçirilib.

Moskva şəhərinin xarici iqtisadi və beynəlxalq əlaqələr departamentinin Azərbaycan Respublikasında 2017/2018-ci təhsil ilinin qış sessiyasının yekunlarına dair keçirdiyi bu tədbirdə Qəyyumluq Şurasının üzvləri, Rusiya səfirliyinin və “Rossotrudniçestvo”nun təmsilçiləri, həmçinin Moskva şəhərinin MDB və Baltik ölkələri və xaricdəki həmvətənlərin dəstəklənməsi üzrə idarəsinin məsləhətçisi Vladimir Qrinko, maliyyələşmə, maliyyə nəzarəti və alqı-satqıların həyata keçirilməsi idarəsinin məsləhətçisi Sergey Drozdov, “Moskva merinin təqaüdü” proqramının rəhbəri Nelli Kedrova, Azərbaycan Rus İcmasının sədri, “Moskva merinin təqaüdü” proqramının Qəyyumlar Şurasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin iştirak ediblər.

M.Zabelin Azərbaycanda on ildən çoxdur həyata keçirilən “Moskva merinin təqaüdü” proqramından söz açıb. Qeyd edib ki, bu il Bakı ali məktəblərinin 22 əlaçı tələbəsi təqaüdçü olub.

Namizədlərə fəxri fərmanlar, bank çekləri və döş nişanları təqdim olunub. Bu təqaüdə ikinci və daha yuxarı kursda müxtəlif ixtisaslar üzrə təhsildə fərqlənən tələbələr iddia edə bilərlər. Seçim komissiyası aztəminatlı ailələrdən olan uşaqlara xüsusi diqqət yetirir.

Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein tələbələrə xeyir-dua verib.

Bir sıra etnik icmaların rəhbərləri də iclasda iştirak ediblər.

Qeyd edək ki, başlıca məqsədi rusiyalı həmvətənlərin intellektual potensialının qorunması və inkişafı olan “Moskva merinin təqaüdü” proqramı Latviya, Litva, Estoniya və Moldovada da həyata keçirilir.

Qəyyumluq Şurasının ən fəal üzvü, Azərbaycan xalqlarının “Sodrujestvo” respublika həmrəylik cəmiyyətinin sədri Tatyana Kərimovaya Moskva hökuməti adından xatirə hədiyyəsi təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.