İQTİSADİYYAT


Bakıda enerji səmərəliliyinə dair seminar keçirilir YENİLƏNİB

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-də Bakıda "Müxtəlif enerji istehlakı sektorlarında enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsində effektiv siyasət və proqramlar üzrə məlumatlılığın artırılması və biliklərin paylaşılması" mövzusunda ikigünlük seminar öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti iqlim dəyişikliklərinə qarşı mübarizə tədbirlərinin həddən artıq böyük sosial və iqtisadi məna kəsb etdiyini və Dayanıqlı İnkişaf Məqsədlərinə dair 2030-cu ilə qədər olan yüksək qlobal gündəliyin müvəffəqiyyəti üçün əsas şərt olduğunu bildirib. "Bu sahədə həyəcan təbili çalınmalıdır. Əgər ölkələr öz gücünü səfərbər etməyə müvəffəq olarsa, bu, dünyada 65 milyon iş yerinin açılmasına səbəb olar və bu da dünya iqtisadiyyatı üçün növbəti 12 il ərzində 26 trilyon ABŞ dolları məbləğində birbaşa iqtisadi gəlir deməkdir", - deyə A. Frakassetti diqqətə çatdırıb.

SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə qeyd edib ki, 2008-ci ildən SOCAR-ın ekoloji siyasəti təsdiq edilib. SOCAR-da əsas ekoloji göstərici olaraq sıfır tullantı emissiya qəbul edilib. SOCAR ətraf mühitin mühafizəsi istiqamətində son illər bir sıra qlobal layihələr həyata keçirib. SOCAR 2014-cü ildə Dünya Bankının 2030-cu ilədək şamda səmt qazının yandırılmasının sıfıra endirilməsi təşəbbüsünə qoşulmuş beşinci şirkət olub. Hazırda yalnız Neft Daşlarından hər gün 1 milyon kubmetr səmt qazı yığılıb əhalinin istifadəsinə verilir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev ölkəmizdə ətraf mühitin qorunmasına dair görülən işlər barədə danışıb. Nazir müavini qeyd edib ki, atmosferə karbon qazının atılması, iqlimin dəyişməsi, qlobal istiləşmə ətraf mühitin çirklənməsi ilə əlaqədar olan qlobal ekoloji problemlərdir. Bu baxımdan havaya buraxılan zəhərli qaz və tullantıların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.

Seminar panel iclaslarla davam edib. Panel iclaslarda "Enerji hədəfləri, kodları və standartları", "Azərbaycana tikinti sektorunda SOCAR-ın bina fonduna əsaslanan enerji səmərəliliyi tədbirlərinin potensialı və effektivliyi", "SOCAR-ın nəqliyyat sistemində davamlı pilot layihəsi və Azərbaycanda təmiz nəqliyyat siyasətinə dair tövsiyələrin öyrənilməsi" və s. mövzularda məruzələr dinlənilib.

Qeyd edək ki, tədbir Qlobal Ekoloji Fond (GEF) tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramının SOCAR ilə əməkdaşlıq şəraitində həyata keçirdiyi Milli Fəaliyyət Planları (NAMA) layihəsi çərçivəsində təşkil olunub. Seminar enerji səmərəliliyi anlayışını gücləndirmək üçün məlumatlılığın artırılmasına aid səmərəli siyasət və proqramlarla bağlı məlumatların bölüşdürülməsi üçün platforma təklif edəcək. Seminar, həmçinin Avropanın və MDB ölkələrinin ən yaxşı beynəlxalq təcrübələrini nəzərə almaqla, Azərbaycanda müxtəlif enerji istehlakı sahələrində bərpa olunan enerji istifadəsinin potensialını araşdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.