MƏDƏNİYYƏT
Bakıda əntiq əşyaların ixtisaslaşdırılmış müsabiqəsi keçiriləcək
Bakı, 19 fevral, AZƏRTAC
Bakıda ilk dəfə olaraq əntiq əşyaların ixtisaslaşdırılmış “Auksion Baku” müsabiqəsi keçiriləcək.
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası “Auction Baku” MMC arasında bağlanmış birgə əməkdaşlıq haqqında memoranduma əsasən, hər iki qurumun birgə təşkilatçılığı ilə respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurulmaq, art biznes sahəsində rəqabət qabiliyyətliyinin gücləndirmək məqsədi ilə incəsənət əsərlərinin, əntiq əşyaların ixtisaslaşdırılmış auksionunun təşkili nəzərdə tutulur.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Auksion Baku”da qeydiyyat alıcılar və satıcılar olmaqla iki qaydada aparılacaq.
Auksionlar və müsabiqələr açıq və qapalı olacaq. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edə bilər.
Auksionda iştirak etmək istəyənlər aşağıdakı ünvanlara- [email protected] (almaq üçün) və [email protected] (satmaq üçün) müraciət edə bilər. İlk auksion bu ilin aprel aynda keçiləcək. Auksionun yeri və vaxtı haqqında ətraflı məlumat iştirakçıların e-mail ünvanlarına göndəriləcək.