CƏMİYYƏT


Bakıda fiziki qüsurlu insanların fəlakət risklərinin azaldılmasına dair seminar təşkil olunub

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Fövqəladə Hallar Nazirliyi (FHN) Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi (EUR-OPA), UNİSEF-in və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəlikləri ilə birlikdə Bakıda seminar təşkil edib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Sağlamlıq cəhətdən qüsurlu insanların fəlakət risklərinin azaldılması tədbirlərinə daxil edilməsi” mövzusunda keçirilən seminarın əsas məqsədi beynəlxalq tərəfdaşları, dövlət qurumlarını, maraqlı tərəfləri, vətəndaş cəmiyyətinin və yerli QHT-lərin nümayəndələrini və fəlakətlər zamanı insan hüquqlarının müdafiəsi, təşviqi və sağlamlıq cəhətdən qüsurlu insanlara inklüziv yanaşma üzrə öncül təcrübələr sahəsində spesifik təcrübə və biliyə malik ekspertləri bir araya gətirməkdir.

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev diqqətə çatdırıb ki, seminar EUR-OPA Böyük Risklər Sazişinin və bu istiqamətdə həyata keçirilən digər beynəlxalq və milli tədbirlərin nəticələrini təqdim etmək, sağlamlıq cəhətdən qüsurlu insanların ehtiyaclarını və sağlamlıq imkanı məhdud şəxslərin, miqrantların, məcburi köçkünlərin, qaçqınların və uşaqların qarşılaşdığı çətinlikləri müəyyən etmək üçün bir imkandır.

Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişinin icraçı katibi Canluka Silvestrini, UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev seminarın əhəmiyyətindən danışıblar.

Paralimpiyaçı Zinyət Vəliyeva tədbirin mühüm əhəmiyyətini qeyd edərək, sağlamlıq imkanı məhdud şəxslərin problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən layihələrin önəmini vurğulayıb.

Seminarda “Azərbaycanda sağlamlıq cəhətdən qüsurlu insanların təhlükələrdən qorunması sahəsindəki cari vəziyyətin təhlili”, “Sağlamlıq cəhətdən qüsurlu insanlara təhlükələrdən qorunması üzrə beynəlxalq öncül təcrübələr, layihələr və alətlər” mövzusunda məruzələr dinlənilib, həssas qrupların təhlükələrdən qorunması üzrə uyğun ssenarilərə dair fikir mübadiləsi aparılıb.

Seminara sentyabrın 19-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.