MƏDƏNİYYƏT
Bakıda görkəmli rumın bəstəkarı Corce Enesku yad olunub
Bakı, 16 yanvar, AZƏRTAC
Bakıda görkəmli Rumıniya bəstəkarı və musiqiçisi Corce Enesku yad olunub.
AZƏRTAC xəbər verir ki, bəstəkarın abidəsi önündə gerçəkləşən tədbir Rumıniyanın Mədəniyyət Günləri çərçivəsində reallaşıb.
Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Mədəniyyətin dünya dövlətləri arasında bir körpü olduğuna nəzər salan diplomat deyib ki, sözügedən sahə insanları ümumi ideya və hisslər ətrafında toplayan ən güclü vasitələrdən biridir.
Vurğulanıb ki, belə tədbirlərin təşkil olunması hər iki ölkənin mədəniyyətinin müxtəlifliyini, zənginliyini tanıtdırır.
Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Rumıniya ilə Azərbaycanın çox yaxın dost və strateji tərəfdaş ölkələr olduğunu qeyd edib. Söyləyib ki, hər iki ölkə arasında yaxşı mədəni əlaqələr var və bu sahədə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.