Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub
AzerTAg.az
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə komandaların paradı olub.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva idman gimnastlarını Bakıda keçirilən dünya kuboku yarışlarında görməyə çox şad olduğunu deyib: “Gimnastikanın ən maraqlı növlərindən biri olan idman gimnastikası ölkəmizdə çox sevilir və bu növ Olimpiya Oyunlarında da böyük maraqla qarşılanır. Dünya kuboku yarışlarında 34 ölkədən 145 gimnast iştirak edir. Gənclər və İdman Nazirliyi adından hər kəsə uğurlar, möhkəm sağlamlıq, yeni qələbələr arzu edirəm”.
Nazir müavini yarışı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dörd gün davam edəcək yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri keçiriləcək.
Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Dünya kuboku yarışlarında ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, paralel qollar, turnik), İvan Tixonov (dəstəkli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (haqla), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.
Ən güclü idmançıların çətin və əzmli mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti yeddi manat təşkil edir. Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyənləşdirən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.








Xəbərin mətnində orfoqrafik səhv var