İQTİSADİYYAT
Bakıda ilk Azərbaycan-ABŞ biznes forumu keçirilib
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) və “ADA” Universitetinin birgə təşkilatçılığı, Azərbaycanın ABŞ-dakı və ABŞ-ın Azərbaycandakı səfirliklərinin dəstəyi, həmçinin “PASHA Bank”ın maliyyə dəstəyi ilə Bakıda ilk Azərbaycan-ABŞ biznes forumu keçirilib.
“AmCham”ın icraçı direktoru Natəvan Məmmədova ikitərəfli iqtisadi əlaqələrin gələcək inkişafı, yeni əlaqələrin yaradılması və yeni imkanların aşkarlanması istiqamətində biznes forumun əhəmiyyətini vurğulayıb.
Biznes forumda həmçinin “ADA” Universiteti, Xarici İşlər Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycanın ABŞ-dakı və ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri və digər rəsmi şəxslər çıxış ediblər.
Tədbirin əsas məqsədi iki ölkə arasında biznes əlaqələrinin gücləndirilməsi üçün Azərbaycanı, onun iqtisadi potensialını, həmçinin imkan və perspektivlərini Amerika şirkətlərinə təqdim etməkdən ibarət olub.
“ADA” Universitetinin baş prorektoru Qalib Məmməd, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov, “Dentons” şirkətinin icraçı tərəfdaşı Ceyms Hoqan və Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov Azərbaycanın biznes mühiti, investisiya imkanları və özəlləşdirmə prosesi haqqında təqdimatlarla çıxış ediblər.
Biznes forumun əhəmiyyətli məqamlarından biri də “AmCham” və Azərbaycan Dövlət Gömrük Komitəsi arasında Azərbaycanda Amerika Ticarət Palatasına üzv olan şirkətlər üçün sərhəd-gömrük məntəqələrində malların və nəqliyyat vasitələrinin daşınmasında “yaşıl dəhliz”in və digər keçid sistemlərinin istifadəsi üzrə anlaşma memorandumunun imzalanması olub.
Tədbir iştirakçıları “Bankçılıq və maliyyə”, “Enerji və sənaye”, “Kibertəhlükəsizlik və onlayn ticarət”, “Kənd təsərrüfatı və ticarət” və “Nəqliyyat” kimi mövzuları əhatə edən sessiyalarda müzakirələr aparıblar. Tədbir biznes görüşlərlə davam edib.
Qeyd edək ki, “Honeywell”, “International Development of Reinke”, “AGCO Corporation”, “John Deere”, “Commercial Airplanes Boeing” və “TERA International Group Inc.” kimi tanınmış Amerika şirkətlərinin nümayəndələri biznes forumda iştirak etmək üçün Azərbaycana səfər ediblər.