İQTİSADİYYAT


Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə Elektron Ticarət Forumu işə başlayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Bakı Elektron Ticarət Forumu 2018” adlanan tədbirdə beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar və startaplardan ibarət 300-dən çox yerli və xarici nümayəndə iştirak edir. Eyni zamanda, 20-dən çox ölkənin sahə üzrə mütəxəssisi, 10 beynəlxalq təşkilatın, 60-dan artıq e-ticarət və onlayn ödəniş platformalarının təmsilçiləri foruma qatılıb.

İki gün davam edəcək tədbirdə elektron ticarət sahəsində müxtəlif mövzuları əhatə edən 30-dan çox çıxış nəzərdə tutulub.

Forum çərçivəsində elektron ticarətin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunacaq.

Tədbirin açılış mərasimində Azərbaycanda elektron ticarət, elektron ödəniş və logistika xidmətləri, gömrük-vergi rüsumları, bu sahədə kiçik və orta sahibkarlığın inkişafı, elektron ticarət sahəsində startap layihələrinin genişləndirilməsi, həmçinin bu sahənin müxtəlif aspektlərinin inkişafı ilə bağlı dövlət orqanlarının, beynəlxalq inkişaf agentliklərinin, biznes strukturlarının səmərəli əməkdaşlığı müzakirə olunub.

Azərbaycanda və region ölkələrində elektron ticarətin inkişaf strategiyası, eyni zamanda, Avropa İttifaqının müəyyən etdiyi tələblər strategiyası üzrə təkliflər irəli sürülüb.

Məlumat verilib ki, hazırda Avropa İttifaqı ölkələrində elektron ticarətin payı 35 faiz təşkil edir. Dünyada isə ticarətin 10 faizi elektron ticarətin payına düşür. “Biznesdən-biznesə” modeli əsasında bu il dünya üzrə e-ticarət həcmi 3 trilyon dollara bərabər olub. Ölkəmizdə isə e-ticarətin inkişafı 10-15 faiz arasında dəyişir.

Qeyd edilib ki, son illər Azərbaycanda elektron ticarətin həcmi ildən-ilə artır ki, bu da iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, eləcə də bank sektorunda elektron xidmətlərin səviyyəsinin genişləndirilməsi hesabına baş verir. Nəqliyyat və telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi hesabına bu gün Azərbaycanın Tranzit Poçt Mərkəzinə (HUB) çevrilməsi vurğulanıb.

Elektron ticarətin inkişafı istiqamətində artıq istifadəyə verilən yeni nəsil şəxsiyyət vəsiqələrində “elektron imza” çiplərinin yerləşdirilməsinin də əhəmiyyəti qeyd edilib.

Forum çərçivəsində keçiriləcək sessiyalarda Avropa İttifaqı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış edəcəklər.

Tədbirdə təşkil olunan sərgidə e-ticarətlə məşğul olan yerli və xarici mağazalar öz həllərini və məhsullarını nümayiş etdiriblər. Elektronika məhsullarının satışı ilə məşğul olan bir çox yerli şirkətlər də forum günlərində öz müştəriləri üçün endirim kampaniyasına başladıqlarını elan ediblər.

Ümumilikdə forum regionda elektron ticarətin inkişafı üçün müvafiq tövsiyələri nəzərdən keçirmək və praktik tətbiq imkanlarının müəyyən edilməsi üzrə beynəlxalq platforma rolunda çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.