CƏMİYYƏT


Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq məsələləri müzakirə olunub

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Gənclər və İdman Nazirliyində nazir Azad Rəhimovun rəhbərliyi ilə 2019-cu il iyulun 20-28-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işlərinin müzakirəsi məqsədilə toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, nazir müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, idman federasiyalarının rəsmiləri və idman mütəxəssisləri iştirak ediblər.

Nazir Avropa Gənclər Yay Olimpiya Festivalının 1990-cı ildən keçirildiyini, ötən illər ərzində Paris, Lissabon, Tbilisi və digər şəhərlərdə keçirildiyini, 2019-cu ildə isə paytaxt Bakının bu yarışlara ev sahibliyi edəcəyini qeyd edib.

Toplantı zamanı bildirilib ki, altı gün davam edəcək yarışlarda iştirak etmək üçün Bakıya 50 Avropa ölkəsindən 2000 idmançının, 1500-dən çox nümayəndə heyətinin, ümumilikdə 3500-4000 qonağın gələcəyi gözlənilir.

İdmançılar 10 idman növündə (əsas doqquz, ev sahibi olan ölkəyə əlavə bir idman növü verilir: atletika, basketbol, velosiped, idman gimnastikası, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, yunan-roma, sərbəst güləş), 13 proqram üzrə mübarizə aparacaqlar. Yarışın açılış mərasimi “Baku Crystal Hall”da keçiriləcək.

Toplantıda yarışların keçiriləcəyi idman arenalarının hazırlığı üçün görülməsi tələb olunan işlər, idmançıların yarışlara hazırlığı, texniki məsələlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Azad Rəhimov bildirib ki, qarşıda idmançılarımızı mötəbər yarışlar gözləyir. Argentinada keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları, Minskdə keçiriləcək Avropa Oyunları və digər mötəbər idman tədbirlərinin hər biri 2020-ci ildə Tokioda təşkil ediləcək Yay Olimpiya Oyunlarına gedən yolda mühüm əhəmiyyət daşıyır ki, burada da mübariz və hazırlıqlı olmaq vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.