CƏMİYYƏT


Bakıda keçiriləcək BMT Dövlət Xidmətləri Forumuna hazırlıq məsələləri Nyu-Yorkda müzakirə olunub

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfərin məqsədi BMT-nin Dövlət İdarəetməsi üzrə Ekspertlər Komitəsinin (CEPA) Nyu-York şəhərində keçirilən 18-ci sessiyasında iştirak etməkdır.

Aprelin 9-da BMT-nin Davamlı İnkişaf Məqsədlərindən 16-cı məqsədə üzv dövlətlərdə nail olunmasının uğurlu təcrübələrinə həsr olunmuş iclas keçirilib. İclasda Azərbaycan, Xorvatiya, Çili, İndoneziya, İslandiya, Uruqvay, Qvatemala və digər dövlətlərin müvafiq sahədə həyata keçirdiyi tədbirlərə dair çıxışlar dinlənilib.

Dövlət agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət islahatlarının tərkib hissəsi olaraq “ASAN xidmət”in yaradılmasından, mərkəzlərdə xidmətin keyfiyyətinin ölçülməsi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində aparılan fəaliyyətdən və Davamlı İnkişaf Məqsədlərinə uyğun olan təcrübədən bəhs edib. Həmçinin “ASAN xidmət”in uğurlu təcrübəsinin bir çox dövlətlərdə tətbiqi, həmin dövlətlərin nümayəndələri üçün təlimlərin təşkil olunduğu diqqətə çatdırılıb.

İclas CEPA ekspertlərinin sualları və şərhləri əsasında interaktiv dialoq formasında davam etdirilib.

Səfər çərçivəsində dövlət agentliyinin sədri ilə BMT baş katibinin müavini Lui Zenmin arasında keçirilən görüşdə “ASAN xidmət”in keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu və bu təcrübənin maraqlı ölkələrdə tətbiqi üzrə uğurlu beynəlxalq əməkdaşlıq barədə məlumat verilib. Görüş zamanı bu ilin iyununda Bakıda keçiriləcək BMT Dövlət Xidmətləri Forumuna hazırlıq məsələləri müzakirə olunub və BMT baş katibinin müavininin müvafiq tədbirdə iştirak edəcəyi bildirilib.

BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri Axim Ştayner ilə təşkil olunan görüşdə ikitərəfli əməkdaşlığın davam etdirilməsindən, gələcək əməkdaşlıq perspektivləri və UNDP-nin “ASAN xidmət”in beynəlxalq fəaliyyətinə dəstəyindən danışılıb. Habelə konkret təkliflər əsasında müzakirələrin davam etdirilməsi və yekunlar üzrə addımların atılması barədə razılıq əldə olunub.

Səfər zamanı BMT-nin İqtisadi və Sosial Məsələlər İdarəsinin Dövlət təsisatları və rəqəmsal hökumət sektorunun rəhbəri Juvanq Zu ilə görüşdə BMT Dövlət Xidmətləri Forumunun keçirilməsi ilə bağlı hazırlıqlar, təşkilati məsələlər, o cümlədən substantiv məqamlar barədə müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.