MƏDƏNİYYƏT


Bakıda keçiriləcək Dünya İslam Kulinariya Konqresinin proqramı zəngindir

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də “Trend” şirkətlər qrupunda Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi (MKA) və Azərbaycan Milli Kulinariya Assosiasiyası iyulun 15-dən 19-dək Bakıda keçiriləcək Dünya İslam Kulinariya Konqresinə həsr edilmiş mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, konqresin keçirilməsində əsas məqsədlərdən biri Dünya İslam Kulinariya Birliyinin (WICS) ofisinin daimi olaraq Azərbaycana köçürülməsidir.

Mətbuat konfransında MKA-nın prezidenti, professor Tahir Əmiraslanov konqres barədə geniş məlumat verib. Bildirib ki, “Dreamland Golf Club Baku” kompleksinin ərazisində keçiriləcək konqresdə 25 ölkə iştirak edəcək. Tədbir çərçivəsində halal qida sərgisi, aşpaz və qənnadıçıların İslam mətbəxi yarışları, WICS kateqoriyalı münsif kursları, Dünya İslam Kulinariya təşkilatının II konfransı da keçiriləcək. Konfrans zamanı WICS-in daxili işləri, proqramı, yeni layihələri müzakirə ediləcək.

Tədbir çərçivəsində, həmçinin II Beynəlxalq İslam Kulinariya Çempionatı da təşkil olunacaq. Bu, peşəkar kulinariya müsabiqəsidir. Yarışlar komanda və fərdi şəkildə olacaq. Yarışlarda şadlıq sarayları “bəy-gəlin” və “qonaq” süfrəsi” sinfində, otellər “Azərbaycan səhər yeməyi” sinfində, ketrinq şirkətləri “Azərbaycan mətbəx furşeti” sinfində, aviaşirkətlər “Bort yeməyi” sinfində, şirniyyat müəssisələrimiz şirniyyat siniflərində yarışa biləcəklər. Həm də müxtəlif mətbəx incəsənəti sinifləri üzrə yarışlar olacaq.

Aşpazların hazırladığı isti yeməklərin dadı, görünüşü, orijinallıq və s. peşəkarlıq baxımından 100 ballıq sistemlə dəyərləndiriləcək. Münsiflər heyəti beynəlxalq səviyyəli kulinariya hakimlərindən ibarətdir. Burada aşpazlar bir-birinə deyil, peşə standartları səviyyəsi ilə yarışacaqlar. Yarış qaliblərinin çıxışları növbəti ixtisas dərəcəsini almaq üçün, kulinariya şurası tərəfindən əyani imtahan kimi qəbul ediləcək.

Qeyd edib ki, tədbir zamanı “Halal” sərgi keçiriləcək. “Halal” sərgidə halal məhsul istehsal edən şirkətlər və məhsullar yer alacaq. Üç gün ərzində şirkətlər məhsullarını sərgidə göstərə biləcəklər. Konqres zamanı ilk dəfə dünyada “Hilal Star” mükafatı Azərbaycanda bir restorana veriləcək ki, bu da dünya kulinariya tarixində çox böyük əhəmiyyətə malik olacaq. Tədbir daxilində WICS münsiflər treninqi də keçiriləcək. Ölkəmizin aparıcı usta aşpaz və ya ali peşə təhsili alan mütəxəssislər beynəlxalq WICS münsif sertifikatı ala biləcəklər. Bu isə onların müxtəlif beynəlxalq tədbirlərə münsif kimi dəvət edilməsinə səbəb olacaq. Münsif kurslarına Azərbaycan mətbəxini bilən, usta aşpaz ixtisas dərəcəsinə, sahə üzrə ali bakalavr və magistr diplomuna sahib mütəxəssislər buraxılır.

Konqres çərçivəsində daha bir möhtəşəm tədbir olacaq. Keçən il Rusiya vətəndaşları üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən start verilmiş “Azərbaycan mətbəxi “YouTube” kanalında” müsabiqəsinin qalibləri, layihənin müəllifi və idarəçisi, NTV kanalının aparıcısı Stalik Xankişiyevin rəhbərliyi altında hamının qarşısında mətbəxlərdə yarışacaqlar. Həmçinin “Azərbaycanın Tovuz bölgə mətbəxi” axşamı keçiriləcək.

Tahir Əmiraslanov ötən il nəşr olunan “Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitab barədə də məlumat verib. Vurğulayıb ki, kitab daimi olaraq Azərbaycan mətbəx mədəniyyətini diqqətdə saxladığına, dünya miqyasında tanıtdığına və UNESKO-nun siyahısında dolmanın Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi kimi yerini tutmasında böyük zəhmətinə görə Birinci vitse-prezident Mehriban Əliyevaya ithaf edilib. Qeyd edib ki, kitabda 2016-cı il Abşeronda, 2017-ci il Xaçmazda keçirilən dolma festivallarında təqdim olunan 381 dolma növü öz əksini tapıb. Bu növlər ölkəmizin bütün rayon, kənd və şəhərlərindən toplanıb. Nəşrdə verilən bəzi dolmalar artıq patent hüququna malikdir.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.