MƏDƏNİYYƏT


Bakıda keçiriləcək V “Animafilm” Beynəlxalq Animasiya Festivalına 75 film qəbul edilib

Bakı, 28 iyul, AZƏRTAC

Bakıda sentyabrın 7-dən 11-dək V “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, festivalın seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib. Siyahı festivalın www.animafilm.az rəsmi saytında dərc olunub.

Bütün seçilmiş filmlərə beynəlxalq və uşaq münsiflər heyəti baxacaq, qaliblər festivalın açılış və bağlanış mərasimlərində elan olunacaq.

Builki festivala 50 müxtəlif ölkədən 230 film daxil olub. Seçim komissiyası müsabiqəyə 29 ölkədən 75 film qəbul edib. Bu filmlər 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə yarışacaq. Bundan başqa, bu il “Tamaşaçı seçimi” müsabiqəsi də elan olunur. “Tamaşaçı seçimi”nin qalibi festival film nümayişləri zamanı tamaşaçı səsverməsinin nəticələri üzrə müəyyənləşdiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək builki festival “İqlim dəyişikliyi” mövzusuna həsr olunub. Festival çərçivəsində iqlim dəyişikliyi ilə bağlı filmlərin nümayişi və müzakirəsi ilə yanaşı, geniş xeyriyyə aksiyası keçiriləcək. Belə ki, festivalın bilet satışından əldə olunan bütün vəsait ölkə ərazisində ağac əkilməsinə sərf ediləcək. Bilet satışı ilə bağlı məlumat tezliklə elan olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.