CƏMİYYƏT


Bakıda keçiriləcək "Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfrans"la bağlı müzakirələr aparılıb

Bakı, 19 sentyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsində (DGK) Bakıda keçiriləcək "Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans"la bağlı müzakirələr aparılıb.

DGK-nın mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 19-da Dövlət Gömrük Komitəsində ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının nümayəndələri ilə görüş keçirilib. 2019-cu il aprelin 16-18-də Azərbaycanda keçiriləcək "Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans"la bağlı müzakirələrin aparıldığı görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, Nazirlər Kabinetinin, Daxili İşlər, Xarici İşlər, Maliyyə nazirliklərinin, Dövlət Təhlükəsizlik və Dövlət Sərhəd xidmətlərinin nümayəndələri iştirak ediblər.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev bildirib ki, "Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans"la bağlı ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının nümayəndələri ilə cari ildə 2 dəfə görüş keçirilib və Azərbaycanın müvafiq qurumlarının iştirakı ilə keçirilən görüşlərdə təşkilati və logistika məsələləri müzakirə olunub. Komitə sədrinin müavini onu da vurğulayıb ki, konfransda 400-ə qədər qonağın iştirak etməsi nəzərdə tutulub və artıq konfransın keçiriləcəyi və tədbirdə iştirak edəcək insanların qalacaqları məkanlar müəyyənləşdirilib. Əsgər Abdullayev ölkəmizin kütləvi tədbirlərin keçirilməsində böyük təcrübəyə malik olduğunu, indiyədək Azərbaycanda müxtəlif sahələr üzrə onlarla beynəlxalq səviyyəli tədbirlərin keçirildiyini, "Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans"ın da yüksək səviyyədə təşkil olunması üçün bütün zəruri addımların atılacağını diqqətə çatdırıb.

ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının Orta Şərq üzrə direktoru Randal Vaqner beynəlxalq tədbirlərin təşkili sahəsində Azərbaycanın kifayət qədər təcrübəyə malik olduğunu, "Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans"ın keçirilməsi ilə bağlı müəyyən addımların atılmasını sevindirici hal kimi dəyərləndirib və təşəkkürünü bildirib. Randal Vaqner konfransın yüksək səviyyədə keçirilməsi üçün ölkəsinin də bütün imkanlardan istifadə edəcəyini diqqətə çatdırıb.

Görüşdə qısa zaman ərzində təşkilat komitəsinin yaradılması, maliyyə və təşkilati məsələlərin, konfransın gündəliyinin müəyyən edilməsi qərarlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.