İDMAN


Bakıda keçiriləcək aerobika üzrə Avropa çempionatında 22 ölkədən 400-dək idmançı mübarizə aparacaq

Bakı, 23 may, AZƏRTAC

Milli Gimnastika Arenası mayın 24-26-da ilk dəfə olaraq aerobika gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Qitənin 22 ölkəsindən ən güclü aerobika ustaları 3 gün ərzində öz güclərini sınayacaqlar.

AZƏRTAC xəbər verir ki, 400-ə yaxın böyük və gənc gimnast fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Ölkəmizi isə çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edəcəklər.

Artıq bütün komandaların toplaşdığı arenada iki gündür rəsmi məşq toplanışları keçirilir. Mayın 24-də start götürəcək çempionatda isə ilk olaraq meydançaya gənc gimnastlar çıxacaqlar. Sonrakı gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaq. Yarışların sonuncu günü isə final mərhələlərində Avropa çempionlarının adları açıqlanacaq.

Gimnastika yarışlarının daimi tamaşaçılarını isə bu çempionatda da çox maraqlı və qeyri-adi bir açılış mərasimi gözləyir. Bu dəfə onlar “Gimnastika planeti”nə qonaq olaraq, ecazkar şounun bir hissəsinə çevriləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.