ELM VƏ TƏHSİL
Bakıda keçiriləcək beynəlxalq konfransda çıxış etmək istəyən şəxslərin nəzərinə!
Bakı, 16 aprel, AZƏRTAC
Sentyabrın 22-dən 27-dək Bakıda Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı iləTəhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusunda 45-ci illik konfransı keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, mərkəz qiymətləndirmə alətləri hazırlayan elmi-tədqiqat mərkəzlərini, ali təhsil müəssisələrini, uyğun dövlət orqanları və digər maraqlı tərəfləri konfransa öz elmi tezislərini təqdim etməyə dəvət edir.
Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IAEA) ali və orta ümumtəhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. IAEA hər il təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə illik beynəlxalq konfranslar təşkil edir.
Konfransda aşağıdakı mövzulara uyğun təqdimatların ediləcəyi nəzərdə tutulur:
Qərarların qəbul edilməsində qiymətləndirmənin tətbiqi (tələbə qəbulu, kadr seçimi və s.);
Qərarların verilməsində qiymətləndirmənin etibarlılığı və validliyi;
Daha yaxşı qərar qəbul etmək üçün qiymətləndirmə üsulları;
Tələbə qəbulu və kadr seçimi siyasətində mövcud olan çətinliklər və imkanlar;
Tələbə qəbulu və kadr seçimi sahəsində qiymətləndirmə alətlərinin gələcəyi;
İnsan resurslarının idarə edilməsində səriştə modelinin tətbiqi;
Elmi araşdırmalar əsasında proqnozların verilməsi təcrübəsi;
Qiymətləndirmə nəticələri və qərar qəbuletmə məsuliyyəti;
Elektron imtahanlar və mütərəqqi texnologiya əsaslı platformalar;
Qiymətləndirmə və qərar qəbuletmə prosesində obyektivliyik prinsipi.
Konfransda çıxış etmək istəyən şəxslər DİM-in saytında verilmiş cədvələ uyğun olaraq öz işlərini mayın 1-dək təqdim etməlidirlər. Bu konfrans tədqiqatçılara və peşəkarlara mövcud proses və nailiyyətlər haqqında fikirlərini paylaşmaq, eləcə də qiymətləndirmə və qərarvermədə yeni tendensiyalar yaratmaq imkanlarını nəzərdən keçirməyə şərait yaradacaq.
Daha ətraflı məlumatı konfransın rəsmi səhifəsindən əldə etmək mümkündür: http://iaea2019.org/