MƏDƏNİYYƏT


Bakıda keçiriləcək üçüncü Beynəlxalq Tanqo Festivalının proqramı zəngindir

Bakı, 22 noyabr, AZƏRTAC

Noyabrın 21-də “Ləndmark”da Argentinanın Azərbaycandakı Səfirliyi, “United Cultures” və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Bakı Tanqo Festivalı ilə əlaqədar mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, noyabrın 28-dən dekabrın 1-dək davam edəcək festivalın keçirilməsində məqsəd Argentina musiqisini ölkəmizdə tanıtmaqdır.

Konfransda çıxış edən Argentinanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Eduardo Kavayero festival haqqında məlumat verib. Bildirib ki, festivala yerli və əcnəbi tanqo məktəbləri cəlb olunub, bir çox tanqo ustaları festivala qatılmaq istəyiblər. Dünyanın İstanbul kimi məşhur şəhərlərində minlərlə insan bu rəqslə məşğul olur.

Vurğulanıb ki, budəfəki festivalda xüsusi qonaq qismində Argentinanın 2019-cu il dünya və Avropa çempionları Aqustina Piyacco, Maksim Saavedra, Tekla Qoqricyani (Argentina/Gürcüstan), Yakof Şonski və Maryam Rossa (Gürcüstan), Sesilia Akosta və Levan Qomelauri (Argentina/Gürcüstan) iştirak edəcəklər.

Qeyd edilib ki, ziyarətçilər festivalda, həmçinin musiqiçi Viktor Hüqo Viyena və Lautaro Tisseranı da görə biləcək. Argentinada təhsil almış bandoneon ifaçısı Viktor Hüqo Viyena dövrün ən yaxşı bandoneonçulardan biri hesab olunur. Lautaro Tissera isə müasir Argentina tanqosunda ən görkəmli gitara ifaçılarından biridir.

Argentina səfirliyinin ticarət və mədəniyyət şöbəsinin müdiri Korina Lehmann bildirib ki, tanqo ölkəsinin mədəniyyətinin ən yüksək göstəricisidir. Bu sənət XIX əsrdə Argentinaya gələn xalqların mədəniyyətinin sintezindən yaranıb. K.Lehmann qeyd edib ki, tanqo yalnız ehtiraslı rəqs və melanxolik musiqi deyil, müxtəlif insanların bir mövzu ətrafında sevinib kədərlənməsidir.

Mədəniyyət Nazirliyinin rəsmisi Elnarə Quliyeva çıxış edərək festivalın əhəmiyyətindən söz açıb: “Argentina və Azərbaycan arasında dostluq əlaqələri hər zaman yüksək səviyyədə olub. Argentina əməkdaşlığa hazır olan bir ölkədir və bütün layihələrdə fəallıqla iştirak edib. Xalqlarımızı bir-birinə yaxın edən festivala dəstək oluruq və bu cür layihələrin davamlı olmasını diləyirik”.

“Bakı Metropoliteni” QSC-nin şöbə müdiri Lalə Babayeva deyib ki, metro Bakı sakinlərinin istifadə etdiyi bir məkandır. Burada keçirilən tədbirlər hər zaman gözlənilməz olub. Rəqqas olmayan insanlar belə yerdə rəqs etməkdən çəkinmir.

Bakı Xoreoqrafiya Akademiyasının şöbə müdiri, Əməkdar artist Sənan Hüseynli akademiyada artıq tanqo dərslərinin veriləcəyini söyləyib. Bildirib ki, festival yerli rəqqasların peşəkar istiqamətdə inkişafına böyük təkan verir. Vurğulayıb ki, akademiyada həmçinin tanqo üzrə ustad dərslər də təşkil olunacaq.

Qeyd edək ki, festival “The Landmark”, “Bakı Metropoliteni”, Nizami Kino Mərkəzi, “Nizami Restaurant & Lounge”, ADA Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “NESS Company”, “IN Tango Baku”, “Tango On”, “EI Club de Tango”, “Badi Kuba”, “R&N-project Dance School in Baku” və “Macrobiosis Tango School”un dəstəyi ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.