İDMAN
Bakıda keçirilən 35-ci Avropa çempionatının birinci günündə gənc gimnastlar mübarizə aparırlar
Bakı, 16 may, AZƏRTAC
Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın birinci günündə gənclərdən ibarət qrup hərəkətləri komandaları çoxnövçülükdə - 5 halqa ilə çıxış edirlər. İyirmi komanda finala vəsiqə qazanmaq üçün mübarizə aparır. Qitə birinciliyində ölkəmizi Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət komanda təmsil edir.
Beş halqa üzrə yarışın finalı mayın 19-da təşkil olunacaq.
Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.
Çempionatda 35 ölkədən gimnastlar iştirak edirlər. Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.