İDMAN
Bakıda keçirilən “Caspian Power” idman festivalında gərgin idman mübarizəsi aparılıb
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Heydər Əliyev adına İdman Sarayında “Caspian Power” idman festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş festivalda stronqmen, bodibildinq, mas-restlinq, cui-citsu və sumo üzrə yarışlar təşkil edilib. Festivalda 100-dək idmançı birincilik uğrunda mübarizə aparıb.
Turnirdə mas-restlinq üzrə yarışlarda idmançılar 90 və 105 kiloqram çəki dərəcələrində mübarizə aparıblar. Avropa çempionatının mükafatçısı Xəyyam Orucov 90 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb. Dünya çempionatının medalçısı Sultan Ağayev isə gümüş medalla kifayətlənib. İlk üçlüyü Amil Qazıyev tamamlayıb. Yarışda 105 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə dəfələrlə respublika çempionu olan Cahangir Yaqubov qalxıb. Aslan Quliyev finalda uduzaraq gümüş medala sahib olub. Üçüncü yer uğrunda görüşdə isə Tərxan Müzəffərov qalib gəlib.
Sumo yarışları mütləq çəki dərəcəsində təşkil olunub. Yarışda Avropa çempionu və dünya birinciliyinin mükafatçısı Camal Feyziyev qızıl medal qazanıb. Dünya çempionatının mükafatçısı Səbuhi Hümbətov yarışı ikinci, Əmiraslan Əhmədov isə üçüncü pillədə başa vurublar.
Festivalın ciu-citsu yarışlarında idmançılar 9 çəki dərəcəsində mübarizə aparıblar. Turnirdə 12-14 yaşlı idmançıların mübarizəsində Ağasəlim Baloğlanov (38 kq), Murad Məmmədzadə (41 kq), Tahir Bünyadov (50 kq) və Xəqani Mürsəlov (55 kq) qızıl medala sahib olublar. Həsən Səfərəliyev (50 kq), Emil Verdiyev (55 kq), Nemət Məmmədov (55 kq-dan yuxarı) və Elşən Abbasov (60 kq-dan yuxarı) isə 14-16 yaş kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bodibildinq yarışları tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb. Əvvəlcə “Mens Physique” yarışları keçirilib. Bütün rəqiblərini qabaqlayan Kamil Əliyev festivalın qalibi olub. Bodibildinq yarışlarında isə Nizami Misirov fərqlənib.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən festival çərçivəsində keçirilən stronqmen yarışları Avrasiya çempionatından ibarət olub. Yarışda dörd ölkədən yeddi tanınmış idmançı iştirak edib. Stronqmen yarışlarında ölkəmizi iki idmançı – Vüsal Mərdanov və Namiq Mehdiyev təmsil ediblər. Hər iki atletimiz 110 kiloqram çəki dərəcəsində yarışıblar. Beş mərhələnin sonunda iranlı Əkbər Talışi 28,5 xalla turnirin qalibi olub. Təmsilçilərimiz Vüsal 23,5 xalla gümüş, Namiq Mehdiyev isə 18,5 xalla bürünc medal qazanıblar.
“Caspian Power” idman festivalının keçirilməsində məqsəd bütün idman növləri üzrə yarışları bir idman turniri çərçivəsində keçirməklə idmanın kütləviliyini artırmaqdır. Festivala idman ləvazimatlarının və qidalarının istehsalı və satışı ilə məşğul olan şirkətlər də dəvət olunub. Belə ki, festival çərçivəsində onlar xüsusi stendlərdə öz məhsullarını nümayiş etdirirlər.