İDMAN
Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinə 42 ölkədən azarkeşlər bilet alıblar
Bakı, 17 iyun, Səxavət Quliyev, AZƏRTAC
Bakı yenidən dünyanın diqqət mərkəzinə çevrilib. Formula-1 Avropa Qran-prisinin təşkili Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasından xəbər verir. Artıq sürət, adrenalin və Formula-1 fanatları ölkəmizdədirlər.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bu mötəbər yarışa bilet satışı ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.
- Formula-1 Avropa Qran-prisinə bilet satışı necə gedir?
- Bilet satışında yüksək fəallıq müşahidə olunur. Beş tribunaya bilet satışı artıq başa çatıb. “Abşeron”, “Xəzər”, “Bulvar” və digər tribunalara biletlər artıq yekunlaşıb. Bir neçə gündür həftəsonuna bilet satışlarında artım müşahidə olunur. Bilet satışı məntəqələrində azarkeşlərin fəallığı daha yaxşı hiss edilir. Bütün bu göstəricilər bizi sevindirir. Ümid edirəm ki, yarış zamanı tribunalar dolu olacaq.
- Yarışın ilk günündə tamaşaçı azlığı nə ilə əlaqədardır?
- Formula-1 yarışlarının ilk günündə maraq bir qədər az olur. Bu da iş günü ilə əlaqədardır. İkinci gün tamaşaçı sayında artım müşahidə olunur. Yarışın son günündə isə tribunalar tamamilə dolu olur. Formula-1 yarışlarında tamaşaçı sayı üç günün ümumi göstəricisinə görə hesablanır.
- Avropa Qran-prisinə hansı ölkələrdən bilet alıblar?
- Bilet alışında yerli azarkeşlər daha çox üstünlük təşkil edir. Bu göstərici yerli azarkeşlər üzrə 70 faiz, əcnəbilər üçün isə 30 faiz təşkil edir. Formula-1 Avropa Qran-pri yarışlarına dünyanın 42 ölkəsindən bilet alınıb. Təbii ki, bu, yaxşı göstəricidir. Azərbaycandan başqa, Rusiya, İngiltərə, Hollandiya və digər ölkələrdən olan azarkeşlər bilet alıblar. Rusiya qonşu ölkə olsa da, idmanın bu növü İngiltərədə daha çox sevilir.
Son günlər daha çox yerli azarkeşlərin bilet almasını gözləyirik. Çünki əcnəbilər biletlərini əldə ediblər və artıq Azərbaycandadırlar.