CƏMİYYƏT
Bakıda keçirilən “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq təlim davam edir VİDEO
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə noyabrın 3-dən FHN Akademiyasında start götürən “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq təlim davam edir.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, təlimdə iştirak edən aidiyyəti qurumlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən təbii fəlakət nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, müvafiq təkliflərin hazırlanması, qərarların qəbulu, fəlakətin nəticələrinin aradan qaldırılması sahəsində əməliyyat və qarşılıqlı fəaliyyət prosedurlarının yerinə yetirilməsi işləri həyata keçirilir. Həmçinin yaranmış vəziyyət, həyata keçirilən tədbirlər və davranış qaydaları barədə ictimaiyyətin məlumatlandırılması da təlimin əsas müzakirə mövzularındandır. Beynəlxalq yardım üçün müraciət olunması və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətin təşkili də prioritet istiqamətlərdəndir.
Təlimdə FHN-in və digər aidiyyəti dövlət qurumlarının əməkdaşları, BMT-nin Beynəlxalq Axtarış və Xilasetmə üzrə Məşvərət Qrupuna (INSARAG) üzv ölkələrin komandaları, həmçinin NATO-nun (Avratlantik Fəlakətlərə Cavabvermə Mərkəzinin (EADRCC), Ümumdünya Səhiyyə Təşkilatının, ATƏT-in, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, “BP-Azərbaycan” və “MapAction” şirkətlərinin nümayəndələri iştirak edirlər.
INSARAG Katibliyinin rəhbəri Rudolf Müller tədbirdə çıxış edərək bildirib: “Biz fövqəladə hallar zamanı yerli və beynəlxalq prosedurların məşq etdirilməsi üçün buradayıq. Hazırda zəlzələ hadisəsinin ssenarisi məşq edilir. Yerli dəstələr beynəlxalq axtarış və xilasetmə dəstələri ilə birgə fəaliyyət göstərir. Dünyanın bir çox ölkələrindən və 15-dən artıq beynəlxalq təşkilatdan gələn bu dəstələr zəlzələ hadisəsindən sonra insanların xilas edilməsinə yardım üçün bacarıqlarını sınayırlar. Biz xilasetmə əməliyyatlarının yerli və eyni zamanda, beynəlxalq dəstələr üçün prosedurları məşq edirik. Bu təlim bizə həm də beynəlxalq prosedurların sınaqdan keçirilməsi imkanını verir və birgə effektiv işləmək imkanlarımızın olduğunu göstərir”.
Təlim işini noyabrın 8-də başa çatdıracaq.