SİYASƏT
Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarının bir qrupu ilə Azərbaycan parlamentində görüş olub
Bakı, 13 oktyabr, AZƏRTAC
Bakıda keçirilən “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarının bir qrupu ilə Azərbaycan Respublikası Milli Məclisində görüş olub.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov görüşdə bildirib ki, Azərbaycan xalqı İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında qəhrəmanlıq göstərənləri daim böyük ehtiramla yad edir. Ölkəmizin və xalqımızın qələbənin əldə olunmasında misilsiz xidmətlərindən danışan Ziyafət Əsgərov bildirib ki, Azərbaycan dövləti bu tarixi yazan insanlara hər zaman diqqət və qayğı ilə yanaşır. Onlar maddi və mənəvi baxımdan hər cür təmin olunublar. Veteranlara qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
“Azərbaycan İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsinə mühüm töhfələr verib”, - deyən Rusiyanın “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının vitse-prezidenti Alfred Qaponenko İkinci Dünya müharibəsində xalqımızın ön və arxa cəbhədəki şücaətindən danışıb. O bildirib ki, Azərbaycan xalqı müharibədə bütün potensialı ilə iştirak edib. Bakı nefti olmasaydı bu qələbənin qazanılması da mümkün olmayacaqdı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, nasist ideologiyasının Ermənistanda dövlət səviyyəsində yayılmasından geniş bəhs edilib, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyi vurğulanıb.