ELM VƏ TƏHSİL


Bakıda keçirilən elmi konfransda müasir dövrdə effektiv idarəetmənin problemləri müzakirə olunub

Bakı, 30 noyabr, P.İmanova, AZƏRTAC

Noyabrın 30-da Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) təşkilatçılığı ilə “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov konfransın keçirilməsinin əsas məqsədinin müasir dövrümüzdə idarəetmə sistemində təzahür edən modernləşmə və yeni idarəetmə modellərinin, müasir vətəndaşı məmnun edən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarmaqdan ibarət olduğunu söyləyib. Bildirilib ki, konfransa respublikanın 20 ali məktəbindən 65 məruzə təqdim edilib.

Rektor bildirib ki, idarəetmə sosial, siyasi funksiya daşıyaraq ictimai həyatımızın bütün sferalarında müxtəlif istiqamətlərdə özünü göstərir. İdarəetmə ictimai həyatımızın bütün sferalarının tənzimlənməsində, davamlı inkişafın, rifah və məmnunluq səviyyəsinin təmin olunmasında, peşəkar və səmərəli fəaliyyətin formalaşdırılmasında böyük əhəmiyyət kəsb edir. Spesifik fəaliyyət növü olan idarəetmə tələbatların və fəaliyyət formalarının uzlaşdırılması vasitəsilə inkişaf proseslərinin tənzimlənməsinə yönələn xüsusi sosial funksiya kimi, hər dövrün öz obyektiv zərurətindən irəli gələn modellər və metodlar əsasında həyata keçirilir.

Universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa ATMU tərəfindən bu konfransın dörd ildir keçirildiyini söyləyib. Müasir dövrdə mövzunun aktuallığını qeyd edən O.Musa diqqətə çatdırıb ki, konfransda müasir idarəetmə, idarəetmə prinsipləri, idarəetmə üçün qarşıda duran əsas vəzifələr müzakirə olunacaq, bu sahədə mövcud problemlərin həllinə və digər məsələlərə aydınlıq gətiriləcək.

Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı “Strateji idarəetmə: effektivlik, hesabatlılıq və şəffaflıq” mövzusunda məruzə ilə çıxış edib. O, strateji idarəetmədən, dövlət və biznes idarəetməsinin modellərindən, həmçinin bu sahədə dövlət və özəl qurumların birgə əməkdaşlığından, müasir dövrdə idarəetmənin problemlərindən söz açıb.

V.Qasımlı konfransda müzakirə olunan məsələlərin sonralar dövlət siyasətində və biznesin inkişaf etdirilməsində öz vacib praktik tətbiqini tapacağına və əhəmiyyətli rol oynayacağına əminliyini bildirib.

Dövlət Turizm Agentliyinin nümayəndəsi Elvin Yusifli, Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşı Asif Həsənov və digər çıxış edənlər konfransın mövzusunun aktual olduğunu söyləyib, tədbirin fərqli sahələrdə fəaliyyət göstərən tərəfdaş qurumlar arasında əməkdaşlığın qurulmasına, şəbəkələşmə və yeni elmi yaradıcılıq imkanlarının yaradılmasına mühüm töhfə verəcəyini qeyd ediblər.

Sonra konfrans işini “İqtisadiyyatda müasir yanaşmalar və inkişaf tendensiyaları”, “Xidmət sektorunda idarəetmə tendensiyaları” və “Sosial sahələrin idarə edilməsi” mövzularında bölmələr üzrə davam etdirib. Bölmə iclaslarında müvafiq dövlət qurumlarının nümayəndələrinin müxtəlif sahələr üzrə məruzələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.