İDMAN
Bakıda keçirilən ənənəvi beynəlxalq turnirə qatılan atletlərin sayı ildən-ilə artır
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycanın Əməkdar məşqçisi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirə qatılan atletlərin sayı ildən-ilə artır.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov bildirib.
Aleksandr Antipovun xatirəsinə həsr olunmuş XI beynəlxalq turnirə böyük maraq olduğunu vurğulayan K.Əhmədov deyib: “Fevralın 15-16-da keçirilən XI beynəlxalq turnirə 30-a yaxın idmançı qatılıb. Atletlər bu gün üçtəkanla tullanma, sabah isə yakut tullanma növü üzrə yarışacaqlar. Turnirdə Azərbaycanın müxtəlif idman cəmiyyətləri və klublarının, milli komandanın üzvləri ilə yanaşı, Rusiyanın Saxa Respublikası və Gürcüstanın Batumi şəhərindən atletlər də iştirak edirlər.
Qarşıdakı beynəlxalq yarışlardan danışan K.Əhmədov qeyd edib ki, yığma komandamızın üzvləri hazırda Türkiyənin İstanbul şəhərindədir. Onlar fevralın 16-da bu şəhərdə keçiriləcək XXIV Balkan Oyunları turnirinə qatılacaqlar.