ELM VƏ TƏHSİL
Bakıda keçirilən konfrans “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsinə həsr olunmuşdur
Bakı, 14 oktyabr (AZƏRTAC). Oktyabrın 14-də Bakıda, “Hilton” otelində “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsinə həsr olunmuş konfrans öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, konfransın açılışında Azərbaycan Respublikasının dövlət rəsmiləri, Milli Məclisin deputatları, Avropa İttifaqının və Almaniyanın hökumət nümayəndələri iştirak etmişlər.
Tədbirdə Təhsil naziri Misir Mərdanov, Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvellen layihə barədə iştirakçılara məlumat vermişlər.
Konfransda bildirilmişdir ki, “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsi Avropa İttifaqına üzv ölkələr arasında 2010-cu ilin avqustunda elan olunmuşdur. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin büdcəsi 1 milyon 200 min avrodur. Layihənin ümumi məqsədi kənd təsərrüfatı sahəsi üzrə peşə-ixtisas təhsilli mütəxəssislərin hazırlanmasını dəstəkləməklə peşə məktəbləri məzunlarının iş tapmaq imkanlarını artırmaq və qeyri-neft sahələrində ölkənin rəqabətə davamlılığının gücləndirilməsinə töhfə verməkdir.
“Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”nın (2007-2012-ci illər) prinsiplərinə uyğun tərtib olunmuş layihənin təqdimatından sonra müzakirələr aparılmışdır.