CƏMİYYƏT


Bakıda keçirilən reydlər zamanı qayda pozuntusuna yol verən 350-dən çox sürücü cərimələnib VİDEO

Bakı, 19 avqust, AZƏRTAC

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin və ictimai asayişin təmin edilməsi məqsədi ilə təşkil olunan reydlər davam etdirilir.

Paytaxt ərazisində keçirilən sonuncu reyd əsasən avtomobili sərxoş vəziyyətdə idarə edən, polisin qanuni “saxla” əmrinə tabe olmayan, avtoxuliqanlıq edərək başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan və digər ciddi qayda pozuntuları törədən sürücülərə qarşı yönəlib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Nərimanov rayonu ərazisində saxlanılan “Mercedes” markalı avtomobilin sürücüsü məsuliyyətdən yayınmağa çalışaraq nəqliyyat vasitəsini qoyaraq qaçmağa üstünlük verib. Avtomobildəki sürücünün qohumu isə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına daş parçası ilə hücum etməkdən belə çəkinməyib.

Sərxoş sürücünün idarə etdiyi avtomobildə sərnişin qismində azyaşlı uşaqlar da olub. Bu isə onu deməyə əsas verir ki, yol polisi həmin sürücünü vaxtında müəyyənləşdirib yol hərəkətindən kənarlaşdırmaqla bu ailəni böyük bir faciədən xilas edib. Çünki sükan arxasına spirtli içki qəbul edərək əyləşən sürücünün qəza törətmək riski artır.

Reyd zamanı digər bir sərxoş sürücü Nizami rayonunda saxlanılıb. “Lexsus” markalı avtomobilin sahibi içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün sürücü barəsində müvafiq protokol tərtib edilib.

Reyddə polisin qanuni saxlama əmrinə tabe olmayaraq avtoxuliqanlıq hərəkətləri edən sürücülər də müəyyənləşdirilib. Belə sürücülərdən biri Xətai rayonunda polisə tabe olmayaraq idarə etdiyi “Daewoo” markalı avtomobillə qaçmağa cəhd etsə də, görülən tədbirlər nəticəsində o saxlanılıb. Araşdırma zamanı sürücü Minar Qəhrəmanovun avtomobili spirtli içki qəbul edərək idarə etdiyi məlum olub. Sürücü sərxoşluq dərəcəsinin müəyyənləşdirilməsi üçün tibb məntəqəsinə aparılsa da, o müayinə olunmaqdan da imtina edib.

Əgər sürücü sərxoşluq dərəcəsinin müəyyənləşdirilməsi üçün tibbi müayinədən keçməkdən imtina edirsə, bu birbaşa olaraq onun içkili vəziyyətdə sükan arxasında əyləşdiyini sübut edir və onun barəsində protokol tərtib edilir.

Reyd zamanı sutkanın qaranlıq vaxtında motosikletlərə əlavə səsgücləndirici vasitələr quraşdıraraq insanların istirahətinə maneçilik törədən sürücülər də saxlanılıb. Belə motosiklet sürücülərindən biri Nadir Rzayev saxlanılan zaman onun nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına müdaxilə edərək kustar üsulla düzəltdirdiyi məlum olub. Reyddə barələrində elektron qaydada tərtib edilən cərimələri ödəməyən sürücülər də müəyyən edilərək barələrində müvafiq tədbir görülüb.

Ümumilikdə reydlər zamanı 350-dən çox sürücü barəsində inzibati protokol tərtib edilib, yetmiş avtomobil isə mühafizə olunan müvəqqəti cərimə dayanacağına yerləşdirilib.

Bakı Şəhər DYPİ əməkdaşları tərəfindən paytaxt ərazisində kobud qayda pozuntularına yol verən sürücülərə qarşı reydlər mütəmadi davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.