REGİONLAR
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
Bakı, 2 dekabr (AZƏRTAC). Dekabrın 1-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
Bazar günü “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 14,2 ton məhsul, o cümlədən 0,3 ton ət, 0,1 ton ağartı, 4 ton meyvə və s. təklif olunmuşdur. Ümumilikdə şənbə və bazar günlərində yarmarkada 30,7 ton məhsul satılmışdır.
Paytaxt sakinləri təzə və keyfiyyətli məhsullar alır, bəzi məhsulların bazarlardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına və fermerlərə minnətdarlıqlarını bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev dedi ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Burada qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, soğan 40-50, kartof 50-60, yumurtanın 1ədədi 10 qəpiyə və s. satılır. Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkasına istirahət günlərində bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran rayonlarının, bundan əlavə, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri 61 ton meyvə-tərəvəz, bostan məhsulları, ağartı məhsulları, göyərti, digər kənd nemətləri gətirmişdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verdi ki, bu dəfəki yarmarkaya çıxarılan məhsullar arasında göyərti, kartof-soğan, kələm, lobya, badımcan, bibər, meyvələrdən alma, armud, naringi, portağal, nar, heyva, xurma, bostan məhsullarından balqabaq və digər mövsümə uyğun məhsullar üstünlük təşkil edir.
Şənbə günündə olduğu kimi, dekabrın 1-də də yarmarkada səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb edirdi. Bunun nəticəsində istirahət günlərində yarmarkaya daxil olmuş məhsulların yarıdan xeyli çox hissəsi satılmışdır.
Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Yarmarkada qoyulmuş nəzarət tərəzisində hər kəs aldığı məhsulun çəkisini yoxlaya bilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov məlumat verdi ki, bazar günü Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində (22,7 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,5 ton) satışa bir gün əvvəl Şəki, Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş ümumilikdə 25,2 ton məhsul satılıb qurtarmaq üzrədir.
Hər iki yarmarkada meyvələrdən alma, armud, nar, heyva, xurma, tərəvəzlərdən pomidor, xiyar, soğan, kartof, lobya, badımcan, bibər, göyərti, bostan məhsullarından balqabaq və digər mövsümi kənd nemətlərinin alıcıları çoxluq təşkil edir.
Bazarlarla müqayisədə qiymətlər 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 209 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilmişdir.
Şənbə və bazar günlərində yarmarkada bazarlardakından 20-30 faiz ucuz qiymətlərə 205 tondan çox üzüm, heyva, naringi, feyxoa, nar, xurma, alma, armud, pomidor, yerkökü, çuğundur, xiyar, kartof, soğan, badımcan, bibər, göyərti və digər məhsullar satılmışdır.
Şəhər sakinləri yarmarkada yaradılan bolluqdan və məhsulların keyfiyyətindən razıdırlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə və bazar günlərində Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz rayonlarından gətirilmiş 30 ton kənd təsərrüfatı məhsulları satılıb qurtarmaq üzrədir. Giləzi broyler fabrikindən gətirilmiş 3,5 min ədəd yumurtanın da xeyli hissəsi satılmışdır.
Yarmarkada ilk baxışdan səliqə-sahman, bolluq və canlanma gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun olaraq kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur, ağartı məhsulları, göyərti, müxtəlif meyvələr və s. kənd nemətləri təklif edilirdi.
Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yarmarkada qayda-qanuna ciddi nəzarət olunurdu.
Binəqədi rayonunda yerləşən 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Ağstafa, Bərdə, Siyəzən və digər rayonlardan gətirilmiş müxtəlif çeşiddə meyvə-tərəvəzlər, bostan və süd məhsulları diqqəti cəlb edirdi.
Şəhər sakinləri məhsulların keyfiyyətinin yüksək, qiymətlərinin bazarlardakından 20-30 faiz ucuz olduğunu bildirirdilər.
Burada bazarlıq etməyə gələn paytaxt sakinləri alma, armud, nar, heyva, xurma, pomidor, xiyar, kələm, lobya, bibər və digər kənd təsərrüfatı məhsullarını almağa daha çox maraq göstərirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun verdiyi məlumata görə, şənbə və bazar günlərində yarmarkada 31,5 ton meyvə-tərəvəz, süd və bostan məhsulları satılmışdır.