REGİONLAR


Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir

Bakı, 22 mart (AZƏRTAC). Martın 22-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.

“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 12 ton məhsul təklif olunurdu.

Paytaxt sakinləri təzə və keyfiyyətli məhsullar alır, bəzi məhsulların bazarlardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına, fermerlərə və digər torpaq mülkiyyətçilərinə minnətdarlıqlarını bildirirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev dedi ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Burada qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, soğan 45-50, yumurtanın 1 ədədi 11 qəpiyə və s. satılır.

Şənbə günü Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə, Quba, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 45 ton meyvə-tərəvəz, bostan bitkiləri, mal və qoyun əti, ağartı və digər məhsullar gətirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verdi ki, bugünkü yarmarkaya çıxarılan məhsullar arasında mövsümə uyğun kənd nemətləri, o cümlədən kartof, soğan, kələm, yerkökü, çuğundur, badımcan, balqabaq, bibər, alma, armud, nar, heyva, göyərti və digər məhsullar üstünlük təşkil edir. Məhsullar bazarlardakından 25-30 faiz ucuz qiymətə satılır.

Yarmarkaya daxil olan bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.

Yarmarkada nəzarət tərəzisi qoyulmuş, bütün məhsulların bazarlarla müqayisəli qiymətləri göstərilmişdir.

Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 1 tondan çox kənd təsərrüfatı məhsulları və Xırdalan Quşçuluq Fabrikindən 2 mindən çox yumurta çıxarılmışdır.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.

Qəsəbə sakinləri burada təklif olunan kartof, soğan, alma, naringi, kələm, yerkökü, çuğundur, yumurta, ət, süd və digər məhsulları həvəslə alırdılar.

Yarmarkada təklif edilən məhsulların keyfiyyətli və bazarlardakından 25-30 faiz ucuz olması alıcılar tərəfindən razılıqla qarşılanır.

Şənbə günü Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində (8,8 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2 ton) satışa Samux, Quba, Biləsuvar, Cəlilabad. Ağsu və Balakən rayonlarından gətirilmiş, ümumilikdə, 10,8 ton məhsul çıxarılmışdır.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, hər iki yarmarkada meyvələrdən alma, armud, nar, heyva, tərəvəzlərdən pomidor, xiyar, göyərti, həmçinin mövsümi kənd nemətlərindən kartof, soğan, balqabaq və digər məhsulların alıcıları çoxluq təşkil edir. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuzdur.

Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.

Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 50 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynov məlumat verdi ki, yarmarkada məhsulların qiymətləri bazarlardakından 20-30 faiz ucuzdur. Eyni zamanda, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunur.

Yarmarkada sərfəli qiymətə heyva, naringi, portağal, nar, alma, armud, yerkökü, çuğundur, xiyar, pomidor, kartof, soğan, bibər, göyərti, eyni zamanda, Novruz çərəzləri və digər məhsullar təklif edilir.

Alıcılar məhsulların qiymətindən və keyfiyyətindən razıdırlar.

Ağstafa, Siyəzən, Goranboy və Bərdə rayonlarının fermerləri və digər torpaq mülkiyyətçiləri şənbə günü Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada alıcılara keyfiyyətli meyvə-tərəvəz, bostan və süd məhsulları təklif edirdilər. Şəhər sakinləri yerkökü, pomidor, çuğundur, kələm, alma, nar və digər meyvə və tərəvəzləri bazarlardakından 20-30 faiz ucuz qiymətlərə ala bilirlər.

Alıcılar yarmarkanın təşkilindən razı qaldıqlarını söyləyirlər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, yarmarkaya, ümumilikdə, 14,2 ton məhsul gətirilmişdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.