İQTİSADİYYAT


Bakıda kənd təsərrüfatına dair beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB

Bakı, 6 sentyabr, AZƏRTAC 

Sentyabrın 6-da Bakıda “Qafqazda və Mərkəzi Asiyada davamlı regional inteqrasiyanın təmin edilməsi üçün kənd təsərrüfatı sahəsində ticarət və xarici investisiyalar” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun və Almaniyanın İqtisadi Keçid Yaşayan Ölkələrdə Kənd Təsərrüfatının İnkişafı üzrə Leybnits İnstitutunun birgə təşkilatçılığı, Alman Elmi Mübadilə Xidmətinin (DAAD) dəstəyilə təşkil edilib.

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” ilə müəyyənləşdirilmiş tədbirlər barədə məlumat verib. İnstitut direktoru, həmçinin Azərbaycanda rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirildiyini, ərzaq təhlükəsizliyinin dayanıqlığının gücləndirildiyini, aqrar sahə üzrə biznes mühitinin təkmilləşdirildiyini, kənd təsərrüfatı sahəsində elmi təminat və təhsilin keyfiyyətinin yüksəldiyini vurğulayıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ixrac və bazarlar sektorunun iqtisadçısı Yekaterina Krivonos Gonzalesin keçmiş Sovet ölkələrində kənd təsərrüfatı üzrə ticarət siyasəti, Dünya Bankının nümayəndəsi Katerina Goyçuk Schroederin Mərkəzi Asiya ölkələrindən Çinə ixrac imkanlarına dair məruzələri dinlənilib.

İştirakçılara FAO ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində çoxillik əməkdaşlıq və qurumun dəstəyi ilə ölkəmizə göstərilən texniki yardımlar və layihələrlə bağlı ətraflı məlumat verilib.

Konfransda Almaniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Niderland Krallığı, İtaliya, Türkmənistan, Tacikistan, Özbəkistan, Pakistan və Sloveniyadan olan kənd təsərrüfatı mütəxəssisləri iştirak edib. Konfrans iki gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.