İQTİSADİYYAT


Bakıda kölgə iqtisadiyyatına qarşı mübarizə məsələləri müzakirə olunub  YENİLƏNİB VİDEO

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də Bakıda Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda Azərbaycan, Avstriya, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Rusiya, Latviya, Qazaxıstan və Çilidən olan kölgə iqtisadiyyatı məsələləri üzrə ixtisaslaşmış alimlər, audit və mühasibatlıq üzrə beynəlxalq və yerli qurumların, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarının, elmi-tədqiqat institutlarının, özəl sektorun, kütləvi informasiya vasitələrinin, ümumilikdə 60-dan çox qurumun nümayəndələri iştirak edib.

AZƏRTAC xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın və hesabatlılığın səviyyəsinin yüksəldilməsi, kölgə iqtisadiyyatına qarşı mübarizənin forma və metodları, maliyyə hesabatlılığı sahəsində qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparılması olub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri akademik Ziyad Səmədzadə “Qloballaşma şəraitində ölkənin milli strategiyasının prioritet istiqamətləri barədə: reallıqlar və perspektivlər” mövzusunda çıxış edib. O, son dövrlər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, kölgə iqtisadiyyatının miqyasının azaldılması, hesabatlılıq və şəffaflıq sahəsində aparılan işlərin əhəmiyyətindən danışıb.

Vergilər naziri Mikayıl Cabbarov “Vergi islahatlarının kölgə iqtisadiyyatına təsirləri” mövzusunda məruzə ilə çıxış edərək deyib ki, kölgə iqtisadiyyatı yalnız vergilərdən yayınmaya şərait yaratmır, həm də haqsız rəqabətin yaranmasına və genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə səbəb olmaqla ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa təhdidlər yaradır.

Vergi yükünün və kölgə iqtisadiyyatının miqyasının azaldılmasına, şəffaflığın yüksəldilməsinə və sahibkarlıq mühitinin yaxşılaşdırılmasına xidmət edən vergi islahatları barədə danışan nazir bu islahatların müsbət nəticələri barədə məlumat verərək cari ilin ötən dövrü ərzində əvvəlki illə müqayisədə dövlət büdcəsinə vergi daxilolmalarının əhəmiyyətli şəkildə artdığını diqqətə çatdırıb. Bildirib ki, artımlar qeyri-neft-qaz sektorunun hesabına baş verib və iqtisadiyyatın ayrı-ayrı sektorlarında baş vermiş “ağarma indikatorları”nın rolu burada həlledici olub.

Biznesin leqallaşma prosesinə istiqamətləndiyini müsbət hal kimi qeyd edən M.Cabbarov bu prosesin daha çox ticarət, ictimai iaşə və xidmət sektorunda müşahidə olunduğunu vurğulayıb. Nazir ƏDV ödəyicilərinin sayında, ƏDV-yə cəlb olunan dövriyyələrdə, həmçinin qeyri-neft-qaz sektorunun dövriyyələrində artım dinamikasının iqtisadiyyatda “ağarma” və şəffaflaşma proseslərinin sürətlənməsinin nəticəsi olduğunu bildirib.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev diqqətə çatdırıb ki, komitə kölgə iqtisadiyyatı ilə bir neçə istiqamətdə mübarizə aparır. Ölkədə idxal-ixrac əməliyyatları zamanı məhsulların insan iştirakı olmadan rəsmiləşdirilməsi bu istiqamətlərdən biridir. Mübarizənin ikinci istiqaməti risklərin dəyərləndirilməsi və ola biləcək risklərin qiymətləndirilməsi, üçüncü istiqaməti isə qaçaqmalçılıqla mübarizədir.

Komitə sədri qeyd edib ki, DGK cari ildə dövlət büdcəsinə əlavə 500 milyon manat vəsait köçürəcək. O bildirib ki, ötən il 1 milyard manatdan çox əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Bu il isə 500 milyon manat əlavə vəsaitin köçürülməsi nəzərdə tutulur. Ötən ilə nisbətən 1,3 milyard manat çox vəsait köçürülməli idisə, bu rəqəm 1,8 milyard manat olacaq.

S.Mehdiyev deyib ki, kölgə iqtisadiyyatının aradan qaldırılması üçün qaçaqmalçılıq sahəsində mübarizə də artıq öz bəhrəsini verir. 2017-ci illə müqayisədə ötən il Azərbaycanın tranzit potensialı 2 dəfədən çox artıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov son illər dünyada gedən proseslərin kölgə iqtisadiyyatı anlayışının daha dərin şəkildə araşdırılmasını aktual bir zərurətə çevirdiyini deyib. Bildirib ki, bu anlayışın dəqiq izahının verilməsi və xüsusilə də miqyasının qiymətləndirilməsi kifayət qədər mürəkkəb işdir: “Kölgə iqtisadiyyatı ictimai həyatın bütün sferalarına təsir göstərmək iqtidarında olan iqtisadi fəaliyyətdir. Bu təsir dövləti, müəssisələri, vətəndaşları əhatə edir və ümumilikdə dövlətin iqtisadi gücünə mənfi təsir etməklə yanaşı, ölkədə həyat səviyyəsini dəyişdirir. Bu fəaliyyət dövlət büdcəsi gəlirlərini mövcud potensialdan əhəmiyyətli kənarlaşdırmaqla, mümkün xərc istiqamətlərini, xüsusilə də investisiya imkanları və dövlətin sosial funksiyalarını məhdudlaşdırır. Kölgə iqtisadiyyatının mövcudluğu dövlətin maliyyə imkanlarını məhdudlaşdırdığı üçün hər bir dövlətin kənar dövlət maliyyə nəzarəti orqanı məhz dövlət maliyyəsi, dövlət vəsaitləri üzərində nəzarəti həyata keçirir, bu baxımdan kölgə iqtisadiyyatı ilə mübarizə dolayısı olaraq bu orqanların da vəzifəsinə çevrilir. Bu, eyni zamanda, mövcud resursların səmərəli və qənaətli istifadəsi üzərində də nəzarətin gücləndirilməsini zəruri edir”.

“Azərbaycan Respublikasının ali audit orqanı olaraq Hesablama Palatasının fəaliyyəti çərçivəsində həyata keçirdiyi tədbirlər müəyyən mənada kölgə iqtisadiyyatı ilə mübarizə xarakteri daşımaqdadır. Hesablama Palatası dövlət gəlirlərinin hesablanması, yığılması və büdcəyə köçürülməsi ilə bağlı apardığı audit və təhlillərdə sistem xarakterli nöqsanları müəyyən edir, büdcə gəlirlərinin faktiki və potensial imkanlarının maksimum şəkildə yaxınlaşdırılması istiqamətində tövsiyələrini hazırlayır. Ümumilikdə nəzər salsaq, gəlirlərin artırılması sahəsində fəaliyyət iki istiqamətdə qurulur”, - deyə o bildirib.

Dövlət gəlirlərinin kölgə iqtisadiyyatının təsirinə məruz qaldığı daha bir münbit platformanın nağd əməliyyatların aparılması ilə bağlı olduğunu deyən V.Gülməmmədov əlavə edib ki, dövlət büdcəsi gəlirlərinin hesabatlılığında pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə Vergi Məcəlləsinin 220.12-ci maddəsinə uyğun hesablanmalı olan sadələşdirilmiş vergi üzrə büdcə daxilolmaları 2018-ci il üçün 29,2 milyon manat, cari ilin 6 ayı üzrə 19,4 milyon manat təşkil edib. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin eyni dövründə nağdlaşdırılmış vəsaitin həcmi 26,7 faiz artıb. Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş verginin 2019-cu il üçün proqnozu ötən ilin icrasından təqribən 2 dəfəyədək çox həcmdə müəyyən olunub ki, bu da ölkə üzrə real sektorda nağd əməliyyatların həcminin yüksək olduğunu əks etdirir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov deyib ki, kölgə iqtisadiyyatı bütövlükdə dünya iqtisadiyyatına xas olan problemdir və onun həlli beynəlxalq miqyasda mübarizə ilə xarakterizə edilir: “Eyni zamanda, bu da hamı tərəfindən qəbul edilir ki, inzibati tədbirlər bu problemin həllində tam effektiv vasitə kimi qiymətləndirilmir. Bu qlobal problemin səmərəli həlli yolunun biznes mühitin effektivliyinin artırılmasından, kölgə iqtisadiyyatına gətirib çıxaran səbəblərin aradan qaldırılmasına yönələn islahatlardan keçdiyi əksər ölkələr tərəfindən qəbul edilib. Bu baxımdan hesab edirəm ki, bugünkü konfrans çərçivəsində dövlət qurumları, beynəlxalq təşkilatlar, akademik və biznes dairələrin təmsilçiləri tərəfindən səsləndiriləcək tezislər və təkliflər kölgə iqtisadiyyatı ilə mübarizədə səmərəli həll yollarının tapılmasına, eləcə də ölkəmizdə aparılan iqtisadi islahatların keyfiyyətli tətbiqi istiqamətində mühüm rol oynayacaq. Ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar həm miqyasına, həm də səmərəliliyinə görə həmişə seçilib və şübhəsiz ki, bu strateji xətt ölkənin müqayisəli üstünlüklərinin daha dolğun reallaşdırılmasını və əhalinin həyat səviyyəsinin yüksəldilməsini hədəfləyir. Ölkəmizdə həyata keçirilən islahatlar kölgə iqtisadiyyatının miqyasının azalması ilə müşayiət edilməkdədir. Bu özünü, istər büdcə daxilolmalarının həcminin artımında, istər sahibkarlıq subyektlərinin sayının artımında göstərir. Fürsətdən istifadə edərək, hələ də kölgə iqtisadiyyatında fəaliyyət göstərən sahibkarlara müraciət edib onları normal qanuni müstəvidə fəaliyyətə dəvət edir, bildirirəm ki, bu keçid prosesinə tərəfimizdən hərtərəfli dəstək göstəriləcək. Əminəm ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar kölgə iqtisadiyyatının miqyasını minimuma endirəcək və qanuni müstəvidə öz fəaliyyətlərini yenidən təşkil edəcək sahibkarlar öz bacarıqlarını ölkə iqtisadiyyatının güclənməsinə yönəldəcəklər”, - deyə O.Məmmədov vurğulayıb.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev isə qeyd edib ki, ölkədə sahibkarlığın inkişafı sahəsində şəffaflığın təmin edilməsi, kölgə iqtisadiyyatına qarşı aparılan mübarizə çox vacib məsələlərdən biridir. Dünyada sahibkarların qeydiyyatdan keçmədən qeyri-leqal fəaliyyəti daha çox kiçik istehsal və xidmət sektorundadır: “Qeyri-rəsmi məşğulluq da məhz bu iki sektorda daha çox yayılıb. Son dövrlərdə ölkədə ictimai xidmətlərin elektron şəkildə həyata keçirilməsi, vətəndaşlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması müasir dövrün tələbi olmaqla, əvvəllər ölkədə mövcud olan kölgə iqtisadiyyatının həcminin dəfələrlə aşağı salınmasına yardımçı olub. Azərbaycan modeli olan, habelə əhaliyə tez, rahat və keyfiyyətli xidmətlər göstərilməsi məqsədilə yaradılmış “ASAN xidmət” mərkəzləri kölgə iqtisadiyyatına qarşı mübarizədə tutarlı bir alətə çevrilib. Son illərdə vergi sistemində aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər, dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri ilə bağlı görülmüş işlər ölkədə şəffaflığın təmin olunmasına xidmət edir. Rəqəmsallaşma vergi inzibatçılığının effektivliyini artırır. Bu proses yeni vergiləri tətbiq etmədən və ya onları artırmadan böyük sayda vergiödəyicilərindən vergi toplamağa şərait yaradır. İnnovativ texnologiyalar insan, biznes və dövlət arasında olan ənənəvi əlaqə üsullarını dağıdaraq yeni biznes modellər yaradır. Məqsəd vergi öhdəliklərini yerinə yetirməkdə daha məsuliyyətli olmağa kömək etməkdir. Bu kompleks bir fəaliyyətdir, vergiödəyiciləri üçün komfortlu bir mühitin yaradılmasıdır. Bu siyasətin hədəfində hər şeydən öncə vergiödəyicisi və vətəndaş məmnunluğu durur”.

“Cari ildə Vergilər Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətlərindən biri vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılmasıdır. Bu çərçivədə gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, malların sənədsiz dövriyyəsinə, xərclərin rəsmiləşdirilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi, bir çox sahədə vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi bu prosesi daha da gücləndirir. Sahibkarlar da öz sosial məsuliyyətini artırmalı və çalışmalıdırlar ki, ölkəmizin inkişafı, onun iqtisadi qüdrəti naminə ordu, təhsil, səhiyyə, mədəniyyət və bir çox başqa sahələrin dayanıqlı olması üçün vergilərin tam həcmdə ödənilməsini təmin etsinlər”, - deyə o əlavə edib.

M.Musayev vurğulayıb ki, ASK hazırda sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, kölgə iqtisadiyyatına qarşı mübarizə məsələlərini əhatə edən mövzular üzrə treninqlər və seminarlar keçirir, sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparır.

Konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Auditorlar Palatasının sədri Vahid Novruzov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) prezidenti Nuran Kərimov, Avstriyanın “Johannes Kepler University Linz” Universitetinin professoru Friedrix Şnayder və başqaları Azərbaycanda və dünyanın müxtəlif ölkələrində kölgə iqtisadiyyatının miqyasının azaldılması ilə bağlı məruzələrlə çıxış ediblər.

Konfransda ümumilikdə 30-dək təqdimat dinlənilib və müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.