İDMAN


Bakıda könüllülər üçün “Bir komanda, tək məqsəd” adlı idman festivalı təşkil olunub

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 8-də Bakıda Gənclər və İdman Nazirliyinin və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin dəstəyi ilə “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin təşkilatçılığı ilə könüllülər üçün “Bir komanda, tək məqsəd” adlı idman festivalı təşkil edib.

AZƏRTAC xəbər verir ki, festival könüllülərin səmərəli və sağlam vaxt keçirməsi, bir-birini tanıması və tədbirdən əvvəl motivasiyanın artırılması məqsədilə keçirilib.

Tədbirdə Bakıda keçirilən beynəlxalq idman tədbirlərində böyük təcrübə əldə etmiş 1500 könüllü iştirak edib. Onlar arasında futbol, basketbol, çimərlik voleybolu və kartinq idman növləri üzrə yarışlar keçirilib. Qalib komandalara və iştirakçılara kubok və müxtəlif hədiyyələr verilib.

“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov son illərdə ölkəmizdə vətənpərvər könüllülərin sayının artdığını vurğulayaraq deyib: “Biz Azərbaycanda əksəriyyəti gənclərdən ibarət olan böyük könüllü komandasının formalaşmasına çox sevinirik. Bu tədbir könüllülərin komanda ruhuna, festival öncəsi oyunlara inteqrasiyasına, sağlam həyat tərzi və idmanın təbliği uğrunda birgə mübarizə aparmalarına və “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı səmərəli fəaliyyət göstərmələrinə təkan verəcək”.

Tədbir çərçivəsində könüllülərin ulduz səfirləri təqdim edilib. Ulduz səfirlər xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran, məşhur muğam ifaçıları Mirələm Mirələmov və Kamilə Nəbiyeva, eləcə də istedadlı müğənni Tofiq Hacıyev və “O səs Türkiyə” yarışmasının finalçısı Leyla Rəhimova olublar.

Tədbirdə çıxış edən Hacı Nuran deyib: “Biz könüllülərin ulduz səfiri və sosial dəyəri yüksək olan ictimai tədbirlərin bir hissəsi olmaqdan qürur duyuruq. Qələbə və uğur sevincini könüllülərlə birgə yaşayıb, onları paylaşmaq ən gözəl hisslərdən biridir”.

Mərasim ulduz səfirlərin ifaları ilə davam edib.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü üzrə - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.