CƏMİYYƏT
Bakıda korrupsiya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunur
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Bakıda Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) xətti ilə “Korrupsiya ilə mübarizə çərçivəsində aktivlərin bərpası: yeni tendensiyalar və çağırışlar” mövzusunda hibrid formatda beynəlxalq regional seminar keçirilir.
AZƏRTAC xəbər verir ki, seminarda IAACA-nın və digər beynəlxalq təşkilatların məsul şəxsləri, Azərbaycan, Türkiyə, Çin (Honkonq), Gürcüstan, Litva, Rumıniya, Belçika və digər dövlətlərdən 100-ə yaxın nümayəndə, o cümlədən antikorrupsiya qurumlarının əməkdaşları, hakimlər, prokurorlar, həmçinin ölkəmizin Ədliyyə, Daxili İşlər, İqtisadiyyat və Maliyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər.
Tədbirin açılışında iştirak edən IAACA-nın vitse-prezidenti, ölkəmizin ədliyyə naziri Fikrət Məmmədov hazırkı seminarın əhəmiyyətinə toxunaraq bildirib ki, iştirakçı dövlətlərin aktivlərin qaytarılması sahəsində nailiyyətlərinin təşviqi korrupsiyaya qarşı daha səmərəli mübarizəyə xidmət edir.
Aktivlərin bərpası mövzusunun aktuallığına toxunan nazir beynəlxalq hesabatlara görə, korrupsiya nəticəsində əldə edilən beynəlxalq pul axınının həcminin ildə 1,6 trilyon ABŞ dollara qədər qiymətləndirildiyini vurğulayıb. Qeyd edib ki, BMT-nin Dayanıqlı İnkişafla bağlı 16-cı Məqsədində aktivlərin bərpası və qaytarılması işinin gücləndirilməsi tələb kimi müəyyən olunub. Bu sahədə həm beynəlxalq, həm də milli səviyyədə kifayət qədər təsirli hüquqi alətlər mövcuddur.
Nazir Prezident İlham Əliyevin qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı barışmaz mübarizə aparılaraq bu sahədə qanunvericilik və institusional tədbirləri, yeni qəbul olunmuş beşillik Milli Fəaliyyət Planının əhəmiyyətini qeyd edib.
Sonda nazir aparılacaq müzakirələrin korrupsiyaya qarşı mübarizədə səmərəli töhfələr verəcəyinə əminliyini ifadə edib.
Seminar müzakirələrlə davam edir.