MƏDƏNİYYƏT
Bakıda meksikalı rəssamın “Rəngin simfoniyası” adlı fərdi sərgisi açılıb
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da Azərbaycan Milli İncəsənət Muzeyində meksikalı rəssam Marqarita Moralisin “Rəngin simfoniyası” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbir Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni səfirliyinin açılışına həsr edilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva sərginin Azərbaycan və Avropanın tarixində mühüm əhəmiyyət daşıyan bir ərəfədə açılmasını xüsusi olaraq vurğulayıb.
İki ölkə arasında mövcud əlaqələrdən söz açan S.Məmmədəliyeva bu günlərdə Meksikanın ölkəmizdə yeni səfirliyinin açılmasını əlaqələrimizin daha da möhkəmlənməsinə təkan verəcəyini söyləyib.
Bir neçə il bundan əvvəl Meksikada Azərbaycan mədəniyyət günlərinin keçirilməsini diqqətə çatdıran natiq deyib ki, iki ölkə arasında mədəni sahədə əməkdaşlıq bundan sonra daha da genişlənəcək.
Meksikanın mərkəzi meydanlarından birinin ulu öndər Heydər Əliyevin adını daşıdığını söyləyən nazir müavini bunu ölkələrimiz arasında dostluq əlaqələrinə ən bariz nümunə kimi dəyərləndirib.
Hər iki ölkəni təmsil edən rəssamlar arasında da yaxşı münasibətlərin olduğunu vurğulayan Sevda Məmmədəliyeva Marqarita Moralisin timsalında bu əlaqələrin daha da genişlənəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Flores sərginin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan Milli İncəsənət Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Diplomat deyib ki, ölkələr arasında əlaqələrin möhkəmlənməsində mədəniyyət adamları xüsusi önəm daşıyır. Bu baxımdan belə sərgilərin təşkili hər iki ölkənin yaradıcı insanları üçün olduqca əhəmiyyətlidir. Çünki hər bir sərgi iştirakçılara ölkələr və xalqlar arasında oxşar cəhətlərin tapılması baxımından böyük imkanlar yaradır. İnanıram ki, belə mədəni tədbirlərimiz bundan sonra daha da çox olacaq.
Tədbirdə çıxış edən meksikalı rəssam Marqarita Moralis Azərbaycana ilk dəfə gəlməsindən, burada olduğu qısa bir zamanda milli incəsənət nümunələrimizlə tanışlığından geniş söz açıb.
O deyib: “Mənim əsərlərimdə gül şəkilləri üstünlük təşkil edir. Düşünürəm ki, ilk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycana belə bir məqamda gül yaraşır. Burada olmaqdan qürur duyuram və ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəyəm”.
Sonra tədbir iştirakçıları rəsm əsərləri ilə yaxından tanış olublar.