CƏMİYYƏT
Bakıda mobil operatorlara məxsus baza stansiyalarından akkumulyatorlar oğurlayan şəxslər saxlanılıb VİDEO
Bakı, 15 oktyabr, AZƏRTAC
Paytaxtın Nizami rayonunda “Azərconnet” MMC-yə məxsus baza stansiyalarından hər birinin dəyəri 450 manat olan 12 ədəd akkumulyatorun naməlum şəraitdə oğurlanması barədə 25-ci polis şöbəsinə şikayət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şöbə əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin oğurluq hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Xəyal Zeynalov və Rasif Hüseynov saxlanılıblar. Keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların müxtəlif vaxtlarda Qaradağ və Xətai rayonlarında yerləşən mobil operatorlara məxsus stansiyalardan da akkumulyatorlar oğurladıqları məlum olub. Araşdırma zamanı həmin şəxslərin oğurladıqları əşyaları Nərimanov rayonunda əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyənləşdirilib.
İstintaq zamanı məlum olub ki, R.Hüseynov üç ilə yaxındır qeyd edilən şirkətlə əməkdaşlıq edir. Bu səbəbdən o, baza stansiyalarının yerini əvvəlcədən bilib. Oğurluq hadisələri zamanı isə akkumulyatorlar X.Zeynalova məxsus yük maşını vasitəsilə daşınaraq satılıb.
Qeyd edilən faktla bağlı 25-ci polis şöbəsində toplanan material Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.