CƏMİYYƏT
Bakıda narkotik vasitələrin alğı-satqısı ilə məşğul olan şəxslər məsuliyyətə cəlb edilib VİDEO
Bakı, 6 may, AZƏRTAC
Paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alğı-satqısı ilə məşğul olan şəxslər Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində ifşa edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum edilən Zaxar Şamilov daxil olan məlumat əsasında saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,514 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Z.Şamilov ifadəsində narkotik vasitəni Nizami adlı şəxsdən aldığını bildirib.
İdarə əməkdaşları tərəfindən keçirilən əlavə əməliyyat zamanı həmin şəxs - Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan Nizami İsmayılov da tutularaq istintaqa təqdim edilib. Onun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı 1 kiloqram 150 qram heroin və 10 qram metamfetamin aşkarlanıb. N.İsmayılov Z.Şamilov ilə bir müddət əvvəl tanış olduğunu və onun vasitəsilə narkotik maddələrin aludəçisinə çevrildiyini bildirib.
Araşdırma zamanı müəyyən edilib ki, N.İsmayılov Z.Şamilov ilə birlikdə satmaq məqsədilə İrandan Azərbaycana narkotik vasitələr gətiriblər. Amma sonuncu dəfə onların qarşısı polislər tərəfindən alınıb.
Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində hər iki şəxs barəsində cinayət işi başlanıb. Onların barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.