CƏMİYYƏT
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
Bakı, 5 iyun, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının paytaxtın Yasamal rayonunda keçirdikləri tədbir zamanı Sumqayıt şəhər sakini Valeh Hüseynov tutulub. Onun üzərində axtarış aparılan zaman 970 qram heroin aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqa hələlik məlum olmayan şəxsdən satmaq niyyəti ilə aldığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Valeh Hüseynovun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.